XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 12:04

“Brexit” sazişi üçün çətin mərhələ –Tereza Mey Avropa liderlərindən dəstək istəyəcək

Hazırda Britaniyanın Baş naziri Tereza Mey Avropa Birliyindən çıxmaqla bağlı “Brexit” sazişi üzrə danışıqları yenidən başlamağa çalışır. Parlament İrlandiyayla sərhədin açıq saxlanmasını nəzərdə tutan maddənin dəyişdirilməsinə səs verib. Bu, Mey üçün qələbə sayılır, çünki özünün Mühafizəkarlar Partiyasında “Brexit” tərəfdarları və AB-də qalmaq istəyənləri birləşdirməyə nail olub. Axı, cəmi iki həftə öncə deputatlar yekdilliklə “Brexit” sazişinə qarşı səs vermişdilər.

Di gəl, AB liderləri razılaşmanın yenidən danışıqlara açılmayacağını deyir və bu səbəbdən Meyin uğur qazanmaq şansı elə də böyük görünmür.

“The Associated Press” agentliyi yazır ki, Mey razılaşmaya dəyişikliklər olunarsa, parlamentin dəstəyini qazanacağını düşünür. Bir neçə günə o, Brüsselə gedəcək, blokdan kömək istəyəcək. Baş nazir söz verib ki, fevralın 13-də parlamentə qayıdacaq – ya razılaşmanın dəyişilmiş mətni ilə, ya da növbəti planlarına dair bəyanatla.

Britaniya martın 29-dək AB-dən çıxmalıdır. Əgər indiki razılaşma qüvvədə qalarsa, çox az şey dəyişəcək. Britaniya keçid dövründə AB qaydaları və qurumları çərçivəsində qalacaq, ta o vaxtadək ki yeni ticarət münasibəti qüvvəyə minsin. Heç bir razılaşma olmazsa, AB ilə mövcud ticarət razılaşmaları bir gecəyə əriyib yox olacaq. Bir çox şirkətlər iqtisadi xaos, ərzaq və digər vacib ləvazimatlar qıtlığı yarana biləcəyini deyiblər.

Parlamentin bir çox üzvləri birliyi sazişsiz tərk etməyin əleyhinədir. Bu həftə sazişsiz “Brexit”in istisna olunduğu qətnamə də təsdiqlənib. Amma bu səsvermənin hüquqi qüvvəsi yoxdur.

(Azadlıq radiosu)