XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 19:10

Avropa Məhkəməsi Rusiya əleyhinə qərar verdi –Deportasiya edilən gürcülərə 10 milyon avro ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Rusiya dövlətinin Gürcüstana 10 milyon avro (11,5 milyon dollar) ödəməsi haqda qərar çıxarıb. Bu məbləğ 2006-cı ildə Gürcüstan vətəndaşlarının Rusiyadan kütləvi deportasiyasına görə ödənməlidir.

Məhkəmənin yanvarın 31-də çıxardığı qərarda deyilir ki, məbləğ azı 1500 gürcüstanlıya deportasiya kampaniyası zamanı gördükləri ziyana görə ödənməlidir.

2014-cü ilin iyulunda çıxarılmış ilkin instansiya hökmündə Strasburq məhkəməsi Gürcüstanın iddialarını təmin edib. Gürcüstan tərəfi deyir ki, Rusiyada yaşayan gürcüstanlıların “saxlanması, həbsi və qovulması hakimiyyətin koordinasiya olunmuş siyasəti” idi.

Məhkəmə qovulmaların “qanunsuz” olduğunu, Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirib. Rusiya bu qərardan Böyük Palataya şikayət verib və bu qurumun qərarları yekun sayılır.

Gürcüstan hökuməti bildirir ki, 2006-cı ilin sentyabrından 2007-ci ilin yanvarınadək 4 min 600-dən çox deportasiya qərarı çıxarılıb, 2 min 300-dən çox gürcüstanlı saxlanaraq ölkədən məcburən çıxarılıb.

Rusiya hakimiyyətin isə bu kampaniyanın gürcüstanlıları hədəfə almadığını, deportasiyaların qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində həyata keçirildiyini deyir.

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı 2007-ci ilin sentyabrında yaydığı hesabatındabildirib ki, saxlananların təməl hüquqları pozulub, məsələn, vəkillə təmin olunmayıblar. Üstəlik, qovulanların çoxunun Rusiyada qanuni yaşadığı qeyd olunub.

“Gürcüstanlılar bəzən dəhşətli şəraitdə saxlanıb, hədələrə, pis rəftara məruz qalıb”, – Nyu Yorkda mənzillənən qurum bildirib. Deportasiyanı gözləyən iki gürcüstanlının isə təcridxanada dünyasını dəyişdiyi qeyd edilir.

Mübahisəli deportasiya kampaniyasından iki il sonra, 2008-ci ilin avqustunda Rusiyayla Gürcüstan arasında beşgünlük müharibə baş verib. Bundan sonra Moskva Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinin müstəqilliyini tanıyıb.

(Azadlıq radiosu)