XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 15:57

Xuan Quaydo Venesuelanı xilas planını açıqladı –Maduro isə müxalifət liderinin evinə silahlılar göndərib

Venesuela müxalifətinin lideri Xuan Quaydo dünən – yanvarın 31-də deyib ki, elit təhlükəsizlik qüvvələri onun evinə girərək ailəsini həfələyiblər. O, buna görə Nikolas Maduro hökumətini suçlayıb. Bu arada hakimiyyətini saxlamağa çalışan Maduronu devirməkdən ötrü Quaydoya dəstək artmaqdadır.

Parlamentin 35 yaşlı lideri özünü ötən həftə prezident elan edib. O deyib ki, xüsusi polis qüvvəsi olan FAES onun evinə gedərək həyat yoldaşı Fabiana Rosalesi dindirib. Quaydo bu haqda Karakas universitetində çıxışı zamanı danışıb. “FAES mənim evimdədir, Fabiananı dindirir. Hazırda diktatura bizi qorxutduğuna inanır”, – inamlı Quaydo deyib. Bu zaman həyat yoldaşı da böyründə olub.

Son illər Maduro narazılara təzyiqi artırdıqca bir çox müxalifət liderləri həbsə atılıb. Yanvarın 31-də Avropa Parlamenti də Quaydonu “ölkənin keçid dövrü üçün qanuni prezidenti” kimi tanıyıb. Qurum Avropa Birliyini də oxşar addım atmağa çağırıb.

Beynəlxalq dəstəyi səfərbər edən Quaydo ölkədə Maduroya qarşı küçə etirazları keçirilməsinə çalışır. O, əhalini şənbə günü kütləvi etirazlara səsləyib. Venesuelanın Ali Məhkəməsi isə onun aktivlərini dondurub, ölkədən çıxmasını yasaqlayıb.

Avropanın dörd böyük ölkəsi – Britaniya, Fransa, Almaniya və İspaniya bildiriblər ki, Maduro həftəsonunadək prezident seçkisi təyin etməsə, onlar da Quaydonu tanıyacaqlar. Birləşmiş Ştatlar isə Avropanın bütün ölkələrini belə etməyə çağırıb.

“İmperialistlər yeni seçki istəyirlərsə, 2025-ci ilədək gözləsinlər”, – Maduro yanvarın 30-da Rusiyanın RIA Novosti agentliyinə deyib. Quaydo isə Karakas universitetində özünün iqtisadi məngənədə olan ölkəni “xilasetmə planı”nı təqdim edib.

“Humanitar böhranı həll edəcəyik, inflyasiyanı dayandıracağıq, neft sənayesini yenidən işə salacağıq, dövlət xidmətlərinə çıxışı bərpa edəcəyik”, – o deyib. Müxalifət liderinin planına Venesuelanın 150 milyard dollarlıq borcuyla bağlı danışıqlar aparılması da daxildir. Hazırda ölkədə milyonlarla adam səfalət içində yaşayır, 2,3 milyon nəfər qaçqın düşüb.

(Azadlıq radiosu)