XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 14:32

NATO Makedoniyanın alyansa daxil olması barədə protokol imzalayacaq- Fevralın 6-da

NATO ölkələri fevralın 6-da Makedoniya Respublikasının alyansa daxil olması barədə protokol imzalayacaqlar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu fevralın 2-də NATO-nun Baş katibi Yens Stoltenberq özünün “Twitter” səhifəsində elan edib: “Biz fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri Makedoniyanın xarici işlər naziri Nikola Dimitrovla gələcək Şimali Makedoniya Respublikasının alyansa daxil olması barədə protokol imzalayacaqlar”.

Şimali Atlantika Alyansının saytında dərc olunan məlumata əsasən, imzalama mərasimi yerli vaxtla saat 11:00-da NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında baş tutacaq.

Xatırladaq ki, Afina və Skopye 2018-ci il iyunun 17-də iki ölkənin sərhədində yerləşən Prespa gölünün sahilində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Prespa sazişi bu il yanvarın 11-də Makedoniya parlamenti, yanvarın 25-də isə Yunanıstan parlamenti tərəfindən təsdiqlənib.

Makedoniya Respublikasının adı ətrafında yaranan 27 illik mübahisə bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olurdu. Belə ki, vilayətlərinin birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxırdı. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilmişdi. Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə – Skopye kimi qeyd olunurdu.