Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) 31 mart prezident seçkisi üçün sənəd qəbulunu sona çatdırıb. Qurum 83 nəfərin namizədliyini irəli sürdüyünü bildirir.
MSK fevralın 4-də bildirib ki, ərizələrdən 28-ni təsdiqləyib, 22-si rədd olunub, 33-ü hələ nəzərdən keçirilir. Komissiya qeydiyyata alınmış namizədlərin son siyahısını fevralın 9-dan gec olmayaraq rəsmi elan etməlidir.
Son rəy sorğuları indiki Prezident Petro Poroşenko, keçmiş baş nazir Yulia Timoşenko və komediyaçı Volodimir Zelenskıy seçkidə öndə gedən namizədlər olacağını göstərir
Hətta rəy sorğularında Timoşenko prezidenti qabaqlayır.
53 yaşlı Poroşenko yanvarın 29-da namizədliyini elan edib. O, daha 5 il müddətinə prezident seçilərsə, ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyünə çalışacağını bildirib.
Ukraynanın ən zənginlərindən olan Poroşenko hakimiyyətə 2014-cü ildə, avropayönlü Maydan etirazları nəticəsində moskvapərəst prezident Viktor Yanukoviç devriləndən sonra gəlib.
O, Qərblə sıx inteqrasiyanı təşviq edir, Rusiyanın Ukraynanın Krım regionunu ilhaq etməsini pisləyir.
Tənqidçilər Poroşenkonun korrupsiyayla davamlı mübarizə apara bilmədiyini desələr də, o, korrupsiya işləri üzrə xüsusi məhkəmənin artıq bu il yaradılacağını bəyan edib. Qərb rəsmiləri korrupsiyanın Ukraynada rifah və təhlükəsizliyə böyük əngəl olduğunu deyirlər.
58 yaşlı Timoşenko seçkiyə gedəcəyini yanvarın 22-də açıqlayıb. O, 2004-cü ilin Narıncı İnqilabının liderlərindən olub, amma 2014-də Poroşenkoya məğlub olub.
Timoşenko da özünü NATO, AB tərəfdarı olan namizəd kimi təqdim edir. Baş nazirin keçmiş müavini Yuri Boyko da qeydə alınmış namizədlər siyahısındadır.
(Azadlıq radiosu)