XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 13:05

Salvadorda Fələstin əsilli şəxs prezident seçilib –Vaxtilə SSRİ-nin dəstək verdiyi siyasi hərəkat uduzub

Mərkəzi Amerikada yerləşən Salvadorda dövlət başçısı seçkilərində Fələstin əsilli namizəd Nayib Bukele qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Nacional radiostansiyasının yaydığı məlumata görə, dörd namizədin mübarizə apardığı seçkilərdə Milli birlik üçün böyük ittifaq koalisiyasının namizədi Nayib Bukele təxminən 54 faizi səs toplayıb.

Seçkilərdə sağ mərkəzçi qüvvələr koalisiyasının namizədi Karlos Kalyexa 32 faiz səslə ikinci, iqtidarda olan sol mərkəzçi təmayüllü “Farabundo Marti adına Milli Azadlıq Cəbhəsi”ni təmsil edən sabiq xarici işlər naziri Uqo Martines isə 14 faiz səslə üçüncü sırada yer alıb. Martines seçkilərdə məğlubiyyətini artıq etiraf edib.

Nayib Bukele seçkinin ilk tutunda yetərli üstünlük qazandığı üçün mart ayına planlaşdırılan ikinci tur keçirilməyəcək.

Qeyd edək ki, San Salvador şəhərinin sabiq bələdiyyə sədri olan Nayib Bukelenin kökü XX əsrin əvvəllərində Fələstindən Cənubi Amerikaya mühacirət edən ailəyə dayanır. Atası məşhur müsəlman sahibkar və yerli imam olan Bukele 1981-ci ildə doğulub. O, 2012-ci ildə Nuevo Cuscatlan bələdiyyəsinin, 2015-ci ildə isə San Salvador bələdiyyəsinin sədri seçilmişdi.