Ukraynanın hakimiyyət orqanları bidlrib ki, Rusiya prezidenti Vladimir Putinlə şəxsi bağları olan ziddiyyətli siyasi fiqurlardan Viktor Medvedçukun dövlətə xəyanət və ölkənin ərazi bütövlüyünə qarşı cinayət törətdiyinə dair iddiaları araşdırır.
Ukrayna Baş Prokurorluğunun sözçüsü xanım Larisa Sarhan fevralın 5-də “Facebook” səhifəsində yazır ki, Ukrayna Təhlükəsizlik Xidməti millət vəkili Andriy Teterukun şikayətindən sonra xüsusi təhqiqata başlayıb.
Medvedçuk Həyat Naminə Partiyası və Ukrayna seçimi hərəkatından ibarət Müxalifət Platforması adlı fraksiyaya rəhbərlik edir. Ukraynada bir çoxları bu iki təşkilatı kremlyönlü qrup hesab edirlər.
Teterukun iddiasına görə Medvedçuk partiyasının yanvarın 29-da keçirilən toplantısında deyib ki, ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazilərə Ukrayna daxilində muxtariyyət verilməlidir.
Sarhan yada salıb ki, ölkə Konstitusiyasına görə Ukrayna “unitar dövlətdir” və Konstitusiya “ölkənin ərazi bütövlüyünün qarantıdır”. Sözçü habelə bildirib ki, Rusiya Donetsk və Luqanskdakı separatçıları canlı qüvvə, silah və başqa materiallarla təchiz etməklə Ukraynaya qarşı təcavüzkar əməliyyat həyata keçirir.
Sarhan deyib ki, Donbas kimi tanınan şərq regionuna muxtariyyətin verilməsi bu ərazilərin işğalının leqallaşdırılması olardı.
Müxalifət Platforması – Həyat naminə partiyası Medvedçuka qarşı ittihamları “sayaqlama” adlandırıb və bəyan edib ki, bu təhqiqata 31 mart seçkisi ərəfəsində Kiyevin qərbyönlü hökuməti göstəriş verib.
Medvedçuk Ukraynanın şərqində davam edən münaqişənin tənzimlənməsinə həsr olunmuş danışıqların daimi iştirakçısıdır.
(Azadlıq radiosu)