XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 09:16

Prezidentin boykot etdiyi sülh danışıqları –Moskvada keçirilən "əfqan sammiti" mühüm bəyanatla yekunlaşdı

Taliban və keçmiş prezident Həmid Karzayinin başçılıq etdiyi əfqan nümayəndə heyəti Moskvada danışıqların ikinci – sonuncu gününü başa vurublar. Bu danışıqlarda Taliban nümayəndələri sülh prosesinin başlanğıcı üçün şərt olaraq bütün xarici qoşunların Əfqanıstandan çıxarılmasını tələb ediblər.

Fevralın 5-6-da Moskvada keçirilən və bəzi şərhçilərin “əfqandaxili proses” adlandırdığı danışıqlardan sonra Karzayi rəsmi Kabul hökumətinin iştirak etməməsinə baxmayaraq müzakirələrin “çox qənaətbəxş” olduğunu bəyan edib.

Moskva danışıqlarından əvvəl Qətərin paytaxtı Dohada Əfqanıstan nümayəndələri arasında daha geniş müzakirələr keçirilib. Taliban bu danışıqlarda Əfqanıstan hökumətinin təmsilçiləri ilə birbaşa müzakirələrdən imtina edir.

Prezident Donald Tramp fevralın 6-da özünün “Ölkənin vəziyyəti” adlı məruzəsində bu danışıqların “konstruktiv” olduğunu demişdi. Tramp habelə “Amerikanın ən uzun müharibəsinin” tezliklə başa çatacağına ümid etdiyini bildirmişdi.

Karzayi bidlirib ki, Moskvada keçirilən danışıqların əsas mövzusu xarici qoşunlardan azad Əfqanıstan idi. Moskva danışıqlarında 10 nəfərdən ibarət Taliban nümayəndə heyətinə başçılıq edən Şer Məhəmməd Abbas Stanikzayi ikigünlük müzakirələri “çox uğurlu” adlandırıb:

“Biz bir çox məqamlarda razılığa gəldik və mən ümid edirəm ki, gələcəkdə bu uğuru artıra, nəhayət həllə nail ola, Əfqanıstanda sülhü tam bərqərar edə bilərik”.

O əlavə edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı hələ müəyyən edilməyib, lakin bu məsələnin müzakirəsi aparılır: “Biz israr edirik ki, ABŞ qoşunları mümkün qədər tez çıxarılmalıdır və biz bu barədə ABŞ-la danışıqlar aparırıq”.

Fevralın 6-da Taliban nümayəndə heyətinin üzvü Əbdül Salam Hanefi deyib ki, bu yaxınlarda Dohada aparılan danışıqlarda ABŞ öz qoşunlarını Əfqanıstandan aprelin sonunadək çıxarmağa razılaşıb. Lakin daha sonra Hanefi bu qeydlərini tamamilə inkar edib və bildirib ki, qoşunların çıxarılmasına dair heç bir razılaşma yoxdur.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü də bildirib ki, Vaşinqton qoşunların çıxarılması vaxtı barədə heç bir razılaşma əldə etməyib. O deyib ki, hazırda “bütün tərəflər Əfqanıstanın terrorçuluq üçün platformaya çevrilməsinin qarşısını almağa çalışmalıdır və ABŞ buradakı qüvvələrinin mövcudiyyəti məsələsinə şərait buna imkan verəndə baxacaq”.

ABŞ-ın Əfqanıstan sülh məsələləri üzrə xüsusi səfiri Zalmay Xəlilzad da bildirib ki, hələlik heç bir konkret razılaşma yoxdur.

Əfqanıstan prezidenti Əşrəf Qani Moskvada keçirilən danışıqları tənqid edib. O fevralın 5-də ABŞ dövlət katibi Mayk Pompeo ilə söhbətində deyib ki, istənilən sülh prosesində mərkəzi rolu Kabul hökumətinin oynaması ən mühüm məsələdir. O Əfqanıstanın TOLO xəbər agentliyinə deyib:

Moskva danışıqları fantaziyadan başqa bir şey deyil. Heç kim Əfqanıstan xalqının razılığı olmadan qərar qəbul edə bilməz. Moskvada toplaşanların heç birinin rəsmi səlahiyyəti yoxdur. Onlar istədiklərini deyə bilərlər”. (azadliq.org)