XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 21:04

ABŞ Polşaya raket sistemləri tədarük edəcək- Müqavilə imzalanıb

ABŞ-ın Polşaya HİMARS (High Mobility Artillery Rocket System) tipli raket sistemləri satması ilə bağlı müqavilə imzalanıb.

“Report” “Defence Blog”a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

O, Varşavada Polşa Prezidenti Andjey Duda və ABŞ-ın vitse-prezidenti Mayk Pens, həmçinin hər iki ölkənin hərbi nümayəndələrinin iştirak etdiyi rəsmi mərasimdə 20 ədəd HİMARS sisteminin satın alınması barədə müqavilə imzaladıqlarını bildirib.

Nazir bunun sayəsində Polşanın təhlükəsizliyinin və NATO-nun şərq cinahının güclənəcəyini, həmçinin müqavilənin 414 milyon dollar məbləğində olduğunu diqqətə çatdırıb.

“The News”un məlumatına görə, Polşa Prezidenti A.Duda tədbirdəki nitqində də bu sövdələşməni ölkəsinin silahlı qüvvələrinin modernləşdirilməsi baxımından mühüm addım kimi dəyərləndirib.

“RİA Novosti”nin məlumatına görə, mərasim zamanı ABŞ səfiri Corcet Mosbaher Polşadakı hərbi qüvvələrinin sayını əhəmiyyətli dərəcədə artıracaqlarını, bunun hərbi baza yaratmaq demək olmadığını qeyd edib.

Polşa Müdafiə Nazirliyinə görə, ABŞ-ın “Lockheed Martin” şirkətinin məhsulu olan HİMARS sistemləri 300 kilometrədək məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, son ay ərzində Polşa hökuməti ölkədə istehsalı yoluna qoyulan ABŞ-ın “Black Hawk” helikopterlərindən dörd ədədini satın alıb.

Ötən ilin mart ayında Polşa ABŞ-dan 4,75 milyard dollar məbləğində “Patriot” tipli hava müdafiə sistemlərinin satın alınmasına dair müqavilə imzalamışdı.