XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 14:52

Ağ Evi Kremlə qarşı yumşalmağa vadar edən səbəb:"Sanksiyalar özünü doğrultmur"

Sanksiyalar Rusiya iqtisadiyyatını müəyyən qədər zəiflətsə də, gözlənilən qədər geriləmələr müşahidə olunmadı.

Bu sözləri ABŞ-ın Rusiya banklarına qarşı sanksiyaları yumşaltması haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, ABŞ bəzən Rusiya ilə bağlı sərt, bəzən isə yumşaq qərar verir:

“Bəzi hallarda bu qərarları izah etmək çox çətin olur, çünki Ağ Evin taktikası daha çox siyasi məqsəd daşıyır. Ancaq sanksiyaların müəyyən qədər yumşaldılması Rusiya ilə Qərb arasında münasibətlərin növbəti mərhələdə qismən istiləşməsinə gətirib çıxara bilər”.

İqtisadçı ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına gözlənilən qədər təsir etmədiyini deyib:

“Bir tərəfdən enerji məhsullarının qiyməti 2018-ci ildə proqnozlaşdırılandan daha çox olub, digər tərəfdən isə Rusiya artıq sanksiyalar və enerji bazarlarındakı potensial volatilik fonunda öz iqtisadiyyatını yeni çağırışlara uyğunlaşdıra bilib. 2019-cu ilin Rusiya federal büdcəsində neftin qiyməti 40 dollar nəzərdə tutulub və bu, praktik olaraq ondan xəbər verir ki, Rusiya xüsusən 2014-cü ildən sonra xarici riskləri daha çox sığortalamağa çalışır”.

V.Bayramov Rusiyanın enerji layihələrinin də davam etdiyini qeyd edib:

“Əslində, əvvəlki sanksiyaların hədəfi enerji layihələri idi, ancaq bu da reallaşmadı. Hətta Avropa Birliyi də Rusiya ilə enerji əməkdaşlığını davam etdirir. Çünki AB-nin Rusiyadan enerji asılılığını yaxın zamanda aradan qaldırması mümkün deyil”.

Ekspert onu da əlavə edib ki, Ağ Ev Kremllə bağlı qərarlarına dəyişiklik etsə də, bu, Rusiyaya qarşı sanksiyaların tamamilə aradan qaldırılmasına gətirib çıxarmayacaq.

Politoloq İlqar Vəlizadə isə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltmasını belə izah edib:

“Sanksiya tətbiq edilməsi nəzərdə tutulan Rusiya banklarının adlarının DASKA qanun layihəsindən çıxarılması sırf ABŞ-ın iqtisadi maraqlarından qaynaqlanır. Çünki adları qanundan çıxarılan banklar dünya maliyyə sisteminin fəal iştirakçılarıdır və onların Qərb maliyyə strukturları ilə inteqrasiyası olduqca sıxdır. Belə ki, sözügedən rus banklarına sanksiya tətbiq olunsaydı, bu, dolayı yolla onlarla əməkdaşlıq edən Qərb strukturlarına və ABŞ-ın maliyyə təşkilatlarına da təsir göstərəcəkdi. ABŞ da məhz bu riskləri önləmək üçün belə bir addım atdı”.

Ekspert bildirib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar tam gücü ilə işləyə bilmir:

“Çünki obyektiv səbəblər buna imkan vermir. Sanksiyaların qəbulu heç də onların effektli olacağı anlamına gəlmir. Ümumiyyətlə, ABŞ-ın son qərarı əslində sanksiyalar siyasətinin effektivliyini artırmaq üçün atılan addımdır. Görünür, ABŞ konqresmenləri və sanksiyaları qəbul edən dairələr bundan sonra daha diqqətli olacaqlar”.

Qeyd edək ki, ABŞ Rusiya banklarına qarşı tətbiq edəcəyi potensial sanksiyalar barədə qanun layihəsi olan DASKA-nın (Kremlin aqressiyasından Amerika təhlükəsizliyinin müdafiəsi haqqında) yeni versiyasını bir qədər yumşaldıb.

Öncəki qanun layihəsində ABŞ-ın “Vneşekonombank”, “Sberbank”, VTB, “Qazprombank”, “Moskva Bankı”, “Rosselxozbank” və “Promsvyazbankı”nın aktivlərinin və əməliyyatlarının bloklanması nəzərdə tutulmuşdu.  (Axar.az)