Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hizer Noyert ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizədliyini geri çəkib.
Strateq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Noyert özü bu qərarı ailə vəziyyəti ilə bağlı verdiyini bildirib: “Son iki ay mənim ailəm üçün ciddi sınaq oldu və buna görə qərara gəldim ki, namizədliyimi geri çəkim”.
“The Washington Post” isə mənbəsinə istinadən yazır ki, Noyertin namizədlikdən imtinasının arxasında onun uşaqlarının dayəsi ilə bağlı ortaya çıxan fakt durur. Belə ki, həmin dayənin ölkədə qeyri-leqal yaşadığı və işləmək izninin olmadığı iddia edilir.
Noyert Donald Tramp və Mayk Pompeoya ona göstərilən etimada görə təşəkkür edib. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, əməkdaşının qərarına hörmət edir və ona gələcəkdə uğurlar arzu edir. Prezident Donald Trampın isə tezliklə yeni namizədin adını açıqlayacağı bildirilir.
Qeyd edək ki, Noyert Dövlət Departamentinə gələnə qədər uzun müddət televiziyada işləyib.