XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 22:23

Rusiyadan Maduro rejiminə “sürpriz” –"Qazprombank" Venesuela Dövlət Neft Şirkətinin hesabını dondurdu

“Qazprombank” ABŞ-ın sanksiyalarına görə Venesuela Dövlət Neft Şirkətinin (PDVSA) hesabını dondurmaq qərarına gəlib.

Bu barədə “Reuters” agentliyi fevralın 17-də “Qazprombank”dakı mənbəyə istinadla xəbər verir. Amma bank hələlik məsələyə münasibət bildirməyib.

Agentlik ayın əvvəllərində xəbər vermişdi ki, PDVSA şirkəti birgə müəssisələri, neft pullarını “Qazprombank”dakı hesaba köçürməyi məsləhət görüb. Bank Venesuela şirkətinin onda hesabı olmasını təsdiqləmiş, amma bildirmişdi ki, bu hesab sanksiyalardan bir qədər əvvəl açılıb.

ABŞ-ın sanksiyalarında PDVSA şirkətinin bütün aktivlərinin dondurulması nəzərdə tutulur. ABŞ bəyan edib ki, sanksiyada məqsəd Vaşinqtonun qeyri-legitim saydığı Maduro hakimiyyətini neft gəlirlərindən məhrum etməkdir.

Siyasi təhlilçi Şahin Cəfərli bu məlumatı şərh edərkən bildirib ki, Rusiya Maduro rejimini qorumaq üçün sonadək mübarizə aparmaq və buna görə ABŞ-ın əlavə sanksiyalarına məruz qalmaq fikrində deyil:

Siyasi dəstək verirlər və verəcəklər, amma Moskva Maduronun dözüm limitinin çox olmadığını yaxşı bilir. Venesuelanın Suriyaya çevrilməsi, yəni rejimin Rusiyanın dəstəyi ilə ayaqda qalması, yaxud bölgədə ikinci Kuba ssenarisinin yaşanması istisnadır.

23 fevral Venesuela üçün önəmli tarixdir. Həmin gün humanitar əməliyyatın keçirilməsinə – ABŞ və Xuan Quaydonu tanıyan digər ölkələrin göndərdiyi humanitar yardımın ölkəyə daxil olmasına cəhd göstəriləcək. Avtomobil karvanları Kolumbiya və Braziliya istiqamətlərindən Venesuelaya daxil olmağa çalışacaq və onları sərhədin o tayında rejim əleyhdarı olan çoxlu sayda könüllü qarşılayacaq.

Müxaliflərin “El Tirano” adlandırdığı Nikolas Maduro əməliyyatı hərbi intervensiya cəhdi kimi qiymətləndirərərk yardımları ölkəyə buraxmayacağını bildirib. Artıq yollar və körpülər tırlarla qapadılıb.

Humanitar əməliyyatın qərargahı Kolumbiyanın Venesuela ilə həmsərhəd olan Kukuta şəhərində yerləşir. Hazırda bütün dünyanın diqqəti buraya yönəlib, böyük media qrupları öz jurnalistlərini Kolumbiyaya ezam etməyə başlayıb. ABŞ-da Maduronun kənarlaşdırılması əməliyyatının qeyri-rəsmi koordinatoru olan senator Marko Rubio da bu gün Kukutaya yola düşüb. Rubio Kuba əsillidir və Tramp regionla bağlı qərarlarında onun sözünü dinləyir.

Əgər fevralın 23-də Venesuela ordusu humanitar yardımları ölkəyə buraxarsa, bu, “El Tirano”nun bitməsi demək olacaq. Əks halda, rejimin aqoniyası bir az uzana bilər”.

Qeyd edək ki, Vaşinqton həmçinin Venesuelanın Birləşmiş Ştatlardakı aktivlərini dondurub və ona nəzarəti müxalifət lideri Xuan Quaydoya verib. Müxalifət lideri və parlamentin sədri Xuan Quaydo ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər. Rusiya isə Venesuela böhranında prezidentliyini qorumağa çalışan Nikolas Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

Strateq.az