Belarusun prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkəsi həmişə Avropa Birliyinin tərəfdaşı kimi qalacaq.
Fevralın 18-də Avropanın Büdcə və İnsan Resursları Komissarı Gunter Outtingerlə danışıqların əvvəlində Lukaşenko deyib ki, Belarusla AB arasında problemlər həmişə olub və olacaq, amma onlar xroniki xarakterli deyil və həll oluna bilər:
“Düşünürük ki, qonşularımızı Allah verib, onları seçmək olmaz, bu səbəbdən onlarla əlaqələri inkişaf etdirmək lazımdır. Buna görə də həmişə AB-nin etibarlı tərəfdaşı olacağıq”.
Outtinger ilə görüşdən bir neçə saat öncə Lukaşenko Rusiyada prezident Vladimir Putinlə iki ölkənin gələcək inteqrasiyasını müzakirə edib.
AB 2016-cı ildə Belarus siyasi məhbus sayılan bir sıra şəxsləri azad edəndən sonra Minskə sanksiyaları yüngülləşdirib. Amma birlik Lukaşenko hökumətinin 2017-ci ilin martında nümayişləri zorakılıqla dağıtmasını pisləyib. (azadliq.org)