Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf məsələləri naziri Herd Müller Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, onu qaçqınların Suriyaya və Suriya ilə qonşu ölkələrə qayıtmasına imkan verən və onları buna inandıran təşəbbüslə çıxış etməyə çağırıb.
AZƏRTAC nazirin “Passaue Neue Presse” qəzetinə müsahibəsinə istinadla xəbər verir ki, siyasətçi beynəlxalq birliyi, ilk növbədə, Avropanı qaçqınların BMT-nin qaydalarına müvafiq olaraq vətənə qayıtmasına şərait yaradılması məqsədi daşıyan proqram işləyib hazırlamağa çağırıb. Müller deyib: “Biz dəhşətli şəraitdə yaşayan insanların necə əzab çəkdiyini daha beş il soyuqqanlı şəkildə müşahidə edə bilmərik”.