ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın elan etdiyi fövqəladə vəziyyətlə bağlı qətnaməni səsverməyə çıxaracaq.
Qətnamənin fevralın 26-da demokratların nəzarətində olan palatadan keçəcəyi gözlənir, amma respublikaçıların nəzarətində olan Senatda taleyi naməlum qalır. Sənədin məqsədi Trampın elan etdiyi fövqəladə vəziyyəti dayandırmadır. Tramp fövqəladə vəziyyəti ayın əvvəlində elan edib, Meksikayla sərhədin hasarlanmasına nail olmaq istəyir.
Tramp həmin hasarın qanunsuz narkotik maddələr və immiqrantların Birləşmiş Ştatlara keçməsini önləməyə gərəkdiyini deyir. Konqresdəki demokratlar, həmçinin respublikaçıların bəziləri hasarı səmərəsiz sayaraq ona pul ayırmaqdan imtina edib.
Hüquq ekspertlərinin fikrincə, Trampın fövqəladə vəziyyət elan etməsi Konqresin müvafiq maliyyə ayırmaq səlahiyyətini poza bilər və bunun presedenti olmaya bilər.
Bu səsvermədən öncə hökumətin bir sıra keçmiş respublikaçı rəsmilər onlarla keçmiş təhlükəsizlik rəsmisinə qoşularaq açıq məktub imzalayıb. Onların fikrincə, Trampın hasarı tikmək məqsədilə Konqresin səlahiyyətini pozmasına “faktiki əsas” yoxdur.
Bu layihəyə vəsait ayrılması “Birləşmiş Ştatların milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zərbə vuracaq”, – keçmiş 58 rəsmi məktubda yazır.
23 keçmiş respublikaçı konqresmen isə Konqresin hazırkı üzvlərini Demokratların təklif etdiyi qətnaməni qəbul etməyə çağırıb. Qətnamə keçsə belə, Tramp ona veto qoyacağını deyib. Vetonu üstələməyə Konqres üzvlərinin üçdə ikisinin dəstəyi lazımdır. (azadliq.org)