XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2019 - 13:32

Cammu və Kəşmirdə gərginlik artır- BMT tərəfləri səbirli olmağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterriş Pakistan və Hindistan arasında yaranmış vəziyyətin inkişafını diqqətlə izləyir və hər iki tərəfi “maksimum səbirli” olmağa çağırır.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, baş katibin narahatlığı son günlər Cammu və Kəşmir ştatında yaşanan gərginliklə bağlıdır. Bu gün səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan Hindistana məxsus iki qırıcı təyyarəni vurub. Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Asif Qafur bildirib ki, təyyarələrdən biri Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşüb və pilot əsir götürülüb. Hindistan mediası isə bir Pakistan təyyarəsinin vurulduğunu iddia edir.

İnsident Hindistan aviasiyasının Pakistan ərazisindəki Balakot yaşayış məntəqəsi rayonuna zərbə endirməsindən sonra baş verib. Nyu-Dehlinin məlumatına əsasən, Hindistan Hərbi Hava Qüvvələrinin 12 “Mirage-200” təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsini bombalayıb. Eyni zamanda, Pakistana məxsus təyyarələr də Kəşmir əyalətindəki təmas xəttini keçərək Hindistan ordusunun mövqelərinin yaxınlığını bombardman edib.

Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. Qədim Kəşmir knyazlığının ərazisi 1947-ci ildən bəri Hindistanla Pakistan arasında mübahisə mövzusuna çevrilib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur və onun ərazisi təmas xətti ilə iki hissəyə bölünüb. “Ceyş-ə-Məhəmməd” Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.