XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2019 - 15:22

ABŞ Nümayəndələr Palatası fövqəladə vəziyyət rejiminin ləğvinə səs verdi- Senatın qərarı necə olacaq?

ABŞ Nümayəndələr Palatasında 2018-ci il seçkilərindən sonra çoxluq təşkil edən demokratlar iki həftə bundan əvvəl Prezident Donald Tramp tərəfindən elan edilən fövqəladə vəziyyət rejiminin ləğv olunmasına səs verib.

Azərtac xəbər verir ki, Konqresin aşağı palatasına demokratlar tərəfindən təqdim edilən qətnamənin lehinə 245, əleyhinə isə 182 konqresmen səs verib.

Qeyd edək ki, qətnaməni dəstəkləyən konqresmenlər arasında prezidentin qərarı ilə razılaşmayan 13 respublikaçı da olub. Hazırda qətnamə müzakirə üçün respublikaçıların nəzarətində olan Senata göndərilib.

Respublikaçıların Konqresin yuxarı palatasında çoxluq təşkil etmələrinə baxmayaraq, bir çox siyasi şərhçilər hesab edirlər ki, qətnamə qəbul oluna bilər. Tramp hər hansı halda, hətta sənəd Senat tərəfindən qəbul edilsə belə, qətnamə üzərinə veto qoyacağına söz verib. Prezidentin vetosuna üstün gəlməkdən ötrü demokratlara Nümayəndələr Palatasında və Senatda səslərin üçdə ikisindən çoxunu yığmaq vacibdir.

Nümayəndələr Palatasında müzakirələr zamanı qətnamənin müəllifi, Demokratlar Partiyasından olan konqresmen Xoakin Kastro bildirib ki, sərhəddə heç bir fövqəladə vəziyyət rejimi yoxdur. O qeyd edib ki, son 40 il ərzində sərhədi qeyri-qanuni keçənlərin sayı ən aşağı səviyyədədir.

Xatırladaq ki, Donald Tramp demokratların və respublikaçıların ABŞ ilə Meksika arasındakı sərhəddə divarın tikilməsi ilə bağlı ortaq məxrəcə gəlməmələrindən sonra fövqəladə vəziyyət rejimi tətbiq etməyə qərar verib. Konqres divarın tikintisinə yalnız 1,375 milyard dollar ayırmağa razılıq verib ki, bu da prezidentin istədiyi məbləğdən əhəmiyyətli dərəcədə – 5,7 milyard dollar azdır.