XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2019 - 11:34

Trampa qarşı hücumlar artır –Demokratlar "səfərbərlik" elan ediblər

ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri Prezident Donald Trampla bağlı təhqiqatları sürətləndiriblər. Söhbət prezidentin yol verdiyi iddia olunan korrupsiya, ədalət mühakiməsinin önlənməsi və hakimiyyətdən sui-istifadə hərəkətlərindən gedir.

Bu gün – martın 4-də palatanın ədliyyə komitəsi 60-dan çox fərd və qurumdan sənədlər tələb edəcək. Tələb irəli sürüləcək şəxslər arasında prezidentin oğlu kiçik Donald Tramp, Trampın biznes imperiyasının baş maliyyəçisi Allen Veisselberg də var. Onların hər ikisinin seçki kampaniyasının maliyyə qaydalarını pozaraq Trampın adından film aktyoruna pul verdiyi iddia olunur.

Digər mümkün hədəflər sırasında Trampın keçmiş qərargah rəisi Con Kelli, Ağ evin keçmiş müşaviri Don Makeyni də var. “The Guardian” qəzeti yazır ki, demokratların sənəd ovuna çıxacağını komitənin sədri Xerold Nadler bazar günü açıqlayıb. O, ABC-nin “This Week” proqramına deyib ki, informasiya əldə etmək üçün müraciətlər Ağ evə, Ədliyyə Departamentinə, digər agentliklərə və fərdlərə göndəriləcək.

“Ədalət mühakiməsinin önlənməsi, korrupsiya, hakimiyyətdən sui-istifadə kimi hallar üzrə təhqiqatın başlamasından ötrü… mümkün dəlili əldə etmək naminə əlimizdən gələni edəcəyik”, – o deyib.

Ötən həftə Trump-ın keçmiş şəxsi vəkili Mixael Koen palatanın nəzarət komitəsində altı saat ərzində ifadə verib. O, komitəyə kiçik Donald Tramp və Veisselberg tərəfindən imzalanmış 35 min dollarlıq çek təqdim edib. Dediyinə görə, həmin pulu 2016-cı il prezident seçkisindən az öncə aktrisa Stormi Danielsə verib ki, prezidentliyə namizəd Trampla iddia etdiyi əlaqəsini ictimaiyyətə açıqlamasın. Belə bir ödəniş seçki kampaniyasının maliyyə qaydalarının pozulması deməkdir. (azadliq.org)