XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 09:17

Rusiya raketlərə dair müqavilədən çıxdı –Putin gözlənilən fərmanı imzaladı, XİN-ə tapşırıq verdi

Kreml bəyan edib ki, prezident Vladimir Putin Rusiyanın “Soyuq müharibə” zəmanəsində imzalanmış nüvə silahlarına nəzarət müqaviləsindəki iştirakını dayandıran fərman imzalayıb.

Putinin fərmanında deyilir ki, o 1987-ci il tarixli Ortamənzilli Raketlərə (INF) dair bu müqaviləni, ABŞ bu razılaşmanı pozmasını dayandıranadək ləğv edir. Bu barədə fərman martın 4-də Kremlin internet saytında dərc olunub.

Rusiya prezidentinin fərmanında habelə ölkənin Xarici İşlər Nazirliyinə tapşırılır ki, müqavilənin dayandırılması barədə bildirişi razılaşmanı imzalayan tərəflərin nəzərinə çatdırsın.

Rusiya ötən ay bildirmişdi ki, ABŞ INF müqaviləsindən çıxmaq üçün 6 aylıq mexanizmi işə saldıqdan sonra Moskva da müqavilədən çıxmaq qərarına gəlib. Vaşinqton öz qərarını INF müqaviləsinin Rusiya tərəfindən pozulmasına dair iddialarla əsaslandırırdı.

Rusiya bu iddiaları rədd edir və Vaşinqtona qarşı əks-iddia ilə etirazını bildirirdi. Öz növbəsində Vaşinqton Moskvanın iddialarını rədd edib.

İkitərəfli INF müqaviləsi ABŞ və keçmiş SSRİ-də ortamənzilli raketlərin bütöv kateqoriyasını ləğv edən sənəd idi. Bu razılaşma 500 kilometrdən 5500 kilometrədək uça bilən bütün raketləri qadağan edirdi. Vaşinqton və NATO Moskvanı 9M720 qitələrarası raketini istehsal etməklə sözü gedən müqaviləni pozmaqda ittiham edirdi. Bu raket habelə SSC-8 adı ilə tanınır. (azadliq.org)