ABŞ millət vəkilləri Ağ Evin Rusiya ilə mümkün bağlarının araşdırılması çərçivəsində prezident Donald Trampa birbaşa və ya dolayısı ilə bağlı olan onlarca fərdə aid sənədləri, kağızları və yazışmaları tələb ediblər.
Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatası Ədliyyə Komitəsinin hədəflədiyi vahidlərin arasında Rusiya milyarderi Viktor Vekselberg, Gürcüstan-Amerika biznesmeni Irakli Kaveladze, habelə Kremllə sıx bağlarına görə tanınan Sankt Peterburqlu iş adamı Yevgeni Prixozinə aid edilən şirkətlər var.
Martın 4-də komitənin bu araşdırmaya rəhbərlik edən sədri konqresmen Jerrold Nadler deyib ki, Ağ Evin səlahiyyətlərini aşıb-aşmadığını yoxlamaq Konqresin vəzifəsidir.
Konqresin yazdığı tələbnamədə ümumilikdə 81 fərd və vahid hədəflənir.
Bu təhqiqatla əməkdaşlıq edib-etməyəcəyinə dair suala cavab olaraq Donald Tramp deyib ki, “mən hər zaman hamı ilə əməkdaşlıq edirəm”.
Ədliyyə Komitəsinin hədəflədiyi fərdlərin siyahısında Rusiya-Amerika lobbiçisi Rinat Akhmetşinin, Vekselbergin amerikalı dayısı oğlu Andrey Intraterin və sovet zəmanəsində doğulmuş daşınmaz əmlak biznesmeni Feliks Saterin adları var. Sater keçmişdə Trampla partnyorluq edib.
Ötən noyabrda Konqresin Nümayəndələr Palatasında çoxluğu ələ alan demokratlar Tramp və onun 2016-cı il seçki kampaniyasına aid siyasi və hüquqi məsələlərin araşdırlmasında daha sərt olmağa başlayıblar.
Bu arada xüsusi prokuror Robert Müllerin iki ilə yaxındır ki, apardığı təhqiqatın nəticələrini baş prokurora təqdim edəcəyi gözlənilir. Bu təhqiqat Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsini, habelə Tramp kampaniyası adamlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdırır.
Nümayəndələr Palatasındakı demokratlar da Müller kimi Trampın onun və bu barədə başqa təhqiqatların işinə mane olub-olmamasını araşdırır.
Dünən Ağ ev Konqresdəki demokratları tənqid edib, Nümayəndələr Palatası komitəsinin Prezident Donald Trampa bağlı onlarla adamdan informasiya istəməsini “biabırçı və alçaldıcı” adlandırıb.
Sözçü Sarah Sanders martın 4-də bu haqda bəyanat yayaraq bu cəhdi “balıq ovu ekspedisiyası” adlandırıb:
“Bu gün sədr Nadler artıq köhnəlmiş, saxta, Konqresdəki hər iki palatanın araşdırmış olduğu iddialar üzrə biabırçı və alçaldıcı təhqiqat başladıb. Sədr Nadler və onun demokrat dostları bu balıqçılıq ekspedisiyasına ona görə başlayıblar ki, iki ildir davam edən Rusiyayla əlbirlik nağılının boşa çıxmasından dəhşətə gəliblər”.
(Azadlıq radiosu)