XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2019 - 20:20

Pakistan fəaliyyəti qadağan edilən təşkilatların aktivlərini nəzarətə götürür –XİN-dən xəbərdarlıq

Pakistan hökuməti BMT Təhlükəsizlik Şurası tərəfindən qadağan edilən təşkilatların aktivlərini həbs edəcək və hesablarını donduracaq.

“The Express Tribune” qəzeti xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildiriblər.

“Qadağan edilmiş təşkilatların bütün aktivləri və hesabları bundan sonra dövlətin nəzarətində olacaq”, – ölkənin diplomatik qurumunun rəsmi nümayəndəsi Məhəmməd Feysəl belə deyib.

Onun sözlərinə görə, Pakistanın hakimiyyət orqanları həmin təşkilatlara qarşı sanksiyaların tətbiqi prosedurunu asanlaşdırmaq niyyətindədir.

Pakistanın Daxili İşlər Nazirliyi, eyni zamanda, yerli əyalət rəhbərliyindən qadağan edilmiş təşkilatlara təzyiqləri artırmağı tələb edib.

Qeyd edək ki, Pakistan ərazisində “Laşkar-e-Tayba” və “Ceyş-ə-Məhəmməd” kimi bir neçə silahlı qruplaşma fəaliyyət göstərir. Fevralın 14-də Cammu və Kəşmir ştatında “Ceyş-ə-Məhəmməd” qruplaşmasının Hindistan təhlükəsizlik qüvvələrinin avtomobil karvanına hücumu nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Bu insident Pakistan-Hindistan münasibətlərində ciddi böhrana gətirib çıxarıb.

Nyu-Dehli İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə təqsirləndirir. Pakistan tərəfi isə bu ittihamları təkzib edir/Azertac.