XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 12:26

Rusiyaya ən çox hansı ölkədən gəlirlər? –Ukraynalılar indi Avropaya köçməyi üstün tuturlar

“2018-ci ildə Rusiyaya gedən miqrantların mənbəyi kimi Ukrayna birinciliyi əldən verib”. Buna oxşar başlıqlar son vaxtlar Rusiya mediasında yer alıb. Media Rusiya Federal Dövlət Statistika Xidmətinə (Rosstat) istinadla belə bir məlumat yayıb.

Məlumatlarda bildirilir ki, Rusiyaya ötən il ən çox Tacikistan sakinləri gedib və bu ölkə son illər ilk dəfə olaraq Ukraynadan önə keçib. Moskva Dövlət Universitetindən Olqa Çudinovskik RBC-yə deyib ki, Ukraynadan Rusiyaya miqrant axınının azalmasına səbəb ölkənin şərqindən “qaçqın axınının azalması” və ukraynalıların indi daha çox Avropaya mühacirət etmək istəyi ilə əlaqədardır.

Bu o deməkdir ki, indi Rusiyaya Tacikistandan daha çox adam gedir, nəinki Ukraynadan? “Meduza” portal bunun belə olmadığını yazır. “Ukrayna Rusiyaya gedənlərin əsas mənbəyi olaraq qalır. Düzdür, rəqəm özlüyündə azalır, 2017-ci ildə Rusiyaya 150 min 100, 2018-ci ildə 137 min 700 nəfər gedib. Rusiyanı tərk edən ukraynalıların sayı isə 102 min 400-dən 122 min 900-ə qalxıb. Yekunda ötən il Ukraynadan Rusiyaya təmiz miqrant sayı 14 min 800 olub ki, bu da bir il öncəki 47 min 600-dən çox azdır”, – məqalədə deyilir.

Ötən il Tacikistandan Rusiyaya 67 min 900 nəfər köçüb, təmiz miqrant axını 31 min olub. Qazaxıstandan gedənlər 72 min, təmin axın 26 min 500 olub. “Həmin ölkələrdən təmiz miqrant axını nisbətən böyük olsa da, hər birindən Rusiyaya köçənlərin sayı Ukraynadakından azdır”, – portal vurğulayır.

“Rosstat”-ın məlumatına görə, MDB-nin hər bir üzvündən Rusiyaya təmiz miqrant axını azalıb, Türkmənistan, Ermənistan və Azərbaycan isə istisnadır. Rusiyaya təmiz miqrasiyadakı ümumi azalma isə son 10 ildə ölkə əhalisinin sayında da azalma yaradıb. (azadliq.org)