Bari Vayss
“The New York Times”, 11.03.2019
Başqa birinin sənə tüpürməsi “qəribə” hərəkətdir. Bir ultra-ortodoks yeniyetmənin gözünüzün içinə baxa-baxa sənə “şiska” və ya “kalba” deməsi (ibranicə “qancıq” deməkdir), sonra liberal yəhudi olduğunuzu bildiyi üçün daha pis təhqirə layiq olduğunuzu düşünməsi də.
Ötən Cümə günü, Beynəlxalq Qadınlar Günündə Qərb Divarı yanında bir neçə dəfə baş verən hadisə Yaxın Şərqin yeganə azad dövləti olması ilə qürur duyan bir ölkədə dini azadlığın vəziyyəti barədə çox şey deyir. O cümlədən fundamentalistlərin yəhudilərin ictimai həyatına müdaxiləsi haqqında.
“Divar Qadınları” tüpürcəyə tuş gəlib, hələ qısnanmaları, cırmaqlanmaları, dümsüklənmələri və üstlərinə çirkli uşaq bezlərinin atılmasını demirəm.
Halbuki həmin feminist dindar qrupu Qərb Divarının qadın bölməsində aylıq ibadət ayinləri keçirib, başlarına dua şalları bağlayıb, Tövratı qiraət edib.
Dünyanın istənilən “islahatçı” və ya mühafizəkar sinaqoquna ayaq bassanız, görəcəksiniz ki, qadınlar tez-tez qadın ravvinin müşayiəti ilə bunu sərbəst şəkildə edirlər. Ancaq Baş Ravvinin nəzarət etdiyi İsrailin digər müqəddəs məkanları kimi, Qərb Divarında belə eqalitar (bərabərhüquqlu) təzahürlər qəzəbli etirazlara səbəb olur.
Ultra-ortodoks yəhudilər müqəddəs yerdə bu cür davranışları ehtiramsızlıq sayırlar və “Divar Qadınları”nın müxtəlif üzvləri “ictimai asayişi pozduğuna görə” həbs edilirlər.
Feminist qrup yalnız Divardakı vəziyyətə etiraz etmir. Onlar yəhudi dövlətində yəhudi həyatına ravvinliyin inhisarına qarşı çıxırlar. İsrail yəhudilərinin əksəriyyəti ortodoks olmasa da, ultra-ortodokslar yalnız İsrailin yəhudi müqəddəs yerlərinə deyil, 6 milyondan çox yəhudinin həyati məsələlərinə – sünnətə, nikahlara, boşanmalara, dəfnə müdaxilə edir.
2016-cı ilin yanvarında İsrail hökumətinin kişi və qadınların birlikdə dua edə biləcəyi ibadət məkanı yaratmaqla, Qərb Divanında mütərəqqi yəhudiliyə dair plan hazırladığı zaman “Divar Qadınları”nın böyük bir qələbə qazandığı ortaya çıxıb. Bu, xüsusilə liberal yəhudi diasporu, səsləri dövlət üçün əhəmiyyətli olan kəsimin bütün yəhudi xalqını təmsil etməsini vurğulayan rəmzi idi. Daha sonra, 2017-ci ilin iyun ayında baş nazir Benyamin Netanyahu ultra-ortodoks koalisiyalı tərəfdaşlarının təzyiqinə tab gətirməyərək həmin planı rədd edib.
Cümə axşamı günü, səhər Bibinin vədini pozduğu açıq-aşkar oldu.
Ravvinlərinin himayəsi ilə uzun ətəklər geyinmiş minlərlə gənc qız və başlarına qara papaqlar qoymuş oğlanlar məkanı sel kimi doldurdular. Mən həyatım boyu dəfələrlə Qərb Divarının yanında olmuş, amma onun bu qədər dolu olduğunu heç vaxt görməmişəm.
İzdiham, əhatəyə düşdüyünüz halda, hər şeyi hərəkət etmək üçün çox çətin və qaçmaq üçün qeyri-mümkün etmişdi.
İsrailin mühafizəkar hərəkatının rəhbəri Yizhar Hessi itələyən, üzünə tüpürən, dua şalını yırtıb və kipasını (yəhudi araqçını – tərc.) kütləyə atan bir qrup qışqırıqçı gənci izlədim.
Ravvin xanım Susan Silverman mənə dedi ki, onu yerə yıxıb və başını Qüds daşına vurublar. Bir ultra-ortodoks gənc qız onun başına zərbə endirib və yalnız ravvinin 24 yaşlı qızı olduğunu deyən biri onun üstünə qışqırdıqdan sonra gənc qızı dayandırmaq mümkün olub.
Bir neçə gənc qadınla tanış oldum, onlardan bəziləri “Women of the Wall” (“Divar Qadınları”) idman köynəkləri geyinmişdi və göz yaşları içində kütlənin təcavüzündən söz açırdılar.
Anası ravvin olan 18 yaşlı Fira Zinger “özümü ölkəmin bir hissəsi hiss etmirəm”, – deyə ağlayırdı.
Bütün bunlara baxmayaraq, fəallar nikbin idi. “Bu gün onların inhisarı çökdü”, – deyən doktor Hess ultra-ortodoksları nəzərdə tuturdu. “Plüralizm İsraildə qalib gələcək”.
…”Divan Qadınları”nı dəstəkləyən 18 yaşlı Einav Kahila: “Biz eyni Tövratı, eyni duaları oxuyuruq. Qərb Divarı onların deyil. O, bütün yəhudi xalqına məxsusdur”.
Ravvin Silverman daha güclü cümlələrdən istifadə edir: “Yəhudilərin məzhəbi deyir ki, “Biz Tanrının iradəsini bilirik”. Bu o deməkdir ki, ağlımıza uyğun hər şey edə bilərik. Əslində, bu – bütpərəstlikdir”.
Mən digər tərəf, ultra-ortodoks qızlarla da danışdım. Bir çoxları feministlərin təpkisini təxribat sayır. Onlar “Tanrının bəyənmədiyi” yəhudiliyi təbliğ edən islahatçıları görməkdən məmnun deyillər. Onlar Tanrını o qədər çox sevirlər ki, öz arzularını inkar edirlər – məsələn, ictimai yerdə yüksək səslə oxumaq kimi, – Ona olan sədaqəti göstərirlər. Qızlar həmin gün meydana ravvinlərin göstərişi ilə çıxdıqlarını söylədilər.
Bu ehtiraslı, ideoloji gənc qadınlar günahkardırlar.
Mən ultra-ortodoks şiddətini qınamaqdan imtina edən və “Divar Qadınları”nın “kənara atılmalı” olduğunu deyən səhiyyə nazirinin müavini Yaakov Litzman kimi siyasətçiləri ittiham edirəm!
Mən minlərlə gənci mühakimə etmək yerinə, “təxribatlar yaratmaq niyyətli”150 nəfərlik “Divar Qadınları”nı mühakimə etmiş Qüds polisini ittiham edirəm. Onların iddiası saxtadır…
Son nəticədə, mən status-kvonu dəyişdirmək üçün bir şey etməyən və ortodoks olmayan yəhudilərə çox dəqiq bir mesaj göndərmiş İsrail hökumətini ittiham edirəm: Siz qara qəpiyə dəyməzsiniz!
“Divar Qadınları” kimi qruplar və onları dəstəkləyənlər hökumətə açıq mesaj göndərməlidirlər: Divar yalnız başlanğıcdır. Ravvinatın özünü parçalamaq zamanı gəlib çatdı.
Tərcümə: Strateq.az