XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2019 - 10:48

ABŞ Venesueladakı diplomatik heyəti təxliyyə edir –Pompeo bəyanat verdi, Bolton hədələdi

ABŞ Dövlət katibi Mayk Pompeo Venesueladakı diplomatik heyətinin çıxarılmasına göstəriş verib. Bundan bir neçə saat öncə isə Vaşinqton Venesuelanın PDVSA dövlət neft şirkəti ilə işbirliyinə görə Rusiya bankına sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatların martın 11-də atdığı addımlar Karakas və Moskvaya təzyiqi artırıb. Moskva Venesuelanın hakimiyyətini saxlamağa çalışan lideri Nikolas Maduroya maliyyə dəstəyi verir.

“Yanvarın 24-də diplomatların qohumlarının çıxarılması və səfirlik işçilərinin minimuma endirilməsinə qərar vermişdik. Son qərar da Venesuelada durumun pisləşdiyini, burada diplomatik heyətimizin mövcudluğunun ABŞ siyasətinə gərginlik yaratdığını göstərir”, – Pompeo Dövlət Departamentinin yaydığı bəyanatda bildirir.

“Evrofinance Mosnarbank” isə vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, fəaliyyətini sabit şəkildə davam etdirir, müştəriləri və tərəfdaşlarıyla bağlı bütün öhdəliklərini yerinə yetirəcək. Pompeo jurnalistlərlə söhbətində “Rosneft” şirkətini PDVSA kimi tanınan “Petroleos de Venesuela SA-dan neft almaqda suçlayıb.

“Rusiyanın dövlətə məxsus Rosneft şirkəti ABŞ sanksiyalarına məhəl qoymadan PDVSA-dan xam neft alışını davam etdirir. “Rosneft” rəhbəri Iqor Seçin bu rejimin ömrünü uzadır”, – Pompeo vurğulayıb.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Con Bolton isə beynəlxalq banklara və maliyyə qurumlarına xəbərdarlıq edib.

“Bankirlər: Maduro və müttəfiqlərinin Venesuela xalqının sərvətini oğurlamasına kömək etməyin. Birləşmiş Ştatlar baxır. Dünya izləyir. Venesuela xalqı göz qoyur”, – o, martın 11-də Twitter-də yazıb.

Səhmdarları içində “Qazprom” şirkəti olan “Qazprombank” bildirib ki, ABŞ xəzinədarlığının qərarı onun işinə təsir göstərməyəcək.

“Qazprombank” “Evrofinance Mosnarbank”-da minoritar paya malikdir. Bank ABŞ sanksiyaları altında olan şirkətlərin hesabları üzərindən əməliyyat aparmır”, – bank bildirib. (azadliq.org)