XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 16:25

İranda tanınmış hüquq müdafiəçisinə ağır cəza verildi –Nəsrin Sotoudeh 38 il həbsə və 148 şallaq cəzasına məhkum edilib

Tehranda tanınmış insan hüquqları müdafiəçisi Nəsrin Sotoudeh 38 il həbsə və 148 şallaq cəzasına məhkum edilib. Bu barədə onun ailəsi bildirib. Nəsrin Sotoudeh milli təhlükəsizliklə əlaqədar bir neçə cinayətdə ittham olunsa da o, bunların hamısını rədd edib.

Nəsrin Sotoudeh hicab taxmağı rədd edən qadınların hüquqlarının müdafiəçisi kimi tanınıb. Hüquq müdafiə qrupları mükafat qazanmış hüquq müdafiəçisinə qarşı “gözlənilməz” hökmü sərt tənqid edib.

“Nəsrin Sotoudeh həyatını qadınların hüquqlarının müdafiəsinə və ölüm cəzasına qarşı mübarizəyə həsr edib”, – “Amnesty İnternational” təşkilatından Filip Luzer bildirib: “İran hakimiyyətinin onu insan hüquqları işlərinə görə cəzalandırması olduqca acınacaqlıdır”.

İrandakı İnsan Haqları Mərkəzinin məlumatına görə, Nəsrin Sotoudehin əri xanımı ilə qısa telefon əlaqəsindən sonra “Facebook” hesabında onun həbsini təsdiqləyib. Onun vəkili deyib ki, Nəsrin Sotoudeh dövlətə qarşı məlumat yayılması, İranın ali liderinin təhqir edilməsi və casusluqda ittiham olunub.

O, ötən il İranda saxlanan azı 7 hüquq müdafiəçisindən biridir. İyun ayında həbs olunmazdan əvvəl Nəsrin ictimai yerlərdə hicabsız gəzən bir neçə qadını müdafiə etmişdir.

Hicab taxmamağa görə İranda cəza nəzərdə tutulub. Nəsrin Sotoudeh haqqında iki məhkəmə prosesində doqquz ittiham səsləndirilib. Məhkəmələrdən bir onun iştirakı olmadan baş tutub və nəticədə ona uzun həbs müddəti və şallaq çəzası hökmü çıxarılıb.

Hüquq müdafiəçisi həm də keçmiş siyasi məhbusdur – o, 2010-2013-cü illər arasında təbliğat yayılması və dövlət təhlükəsizliyinə zərər vurmaq ittihamı ilə həbs olunub.

O, bu ittihamları rədd edib və həbsxanada olduğu müddətdə Avropa Parlamenti ona müxalifət fəallarını təmsil etdiyi üçün “Saxarov-Düşüncə Azadlığı” mükafatını verib.

(Azadlıq radiosu)