XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 17:02

ABŞ-da ikinci Uotegeyt gözlənilirmi? –Maykl Koen parlamentdə Trampı "topa tutdu"

Prezident Donald Trampın uzun zaman vəkili olmuş Maykl Koenin Konqres qarşısında verdiyi ifadələri prezidentlə bağlı təhqiqatların aparıldığı vaxta təsadüf edib. Koenin ölkə gündəminin diqqət mərkəzində olması bəzilərinə 1970-ci illərdə prezident Riçard Niksonun vəzifədən getməsi ilə nəticələnən Uotergeyt qalmaqalını xatırladır.

Konqres qarşısında ifadə verən Donald Trampın sabiq vəkili Maykl Koen bir zamanlar əvəzinə güllələnməyə hazır olduğunu söylədiyi insanın, yəni prezidentin əleyhinə ifadələr səsləndirib.

“Donald Tramp ölkəmizi deyil, brendini möhtəşəm etmək üçün prezidentliyə namizədliyini irəli sürdü. Onun ölkəni idarə etmək arzusu və niyyəti yox idi, o sadəcə özünü reklam edib, sərvət və gücünü artırmaq istəyirdi”, Koen söyləyib. Koen Trampı bəzi cinayət əməllərində ittiham edib. Tramp isə bu iddiaları dəfələrlə inkar edib.

Tramp həmçinin xüsusi prokuror Robert Müllerin apardığı Rusiya istintaqını da pisləyib.

“Rusiya ilə heç bir əlaqə olmayıb. Bu, fırıldaqdır. Heç nə olmayıb. Bu, rüsvayçılıqdır. Bu, ölkəmizə qarşı biyabırçılıqdır”, Tramp deyib. Koenin ifadələri 1970-ci illərin Uotergeyt qalmaqalını xatırladıb. O zaman prezident Riçard Nikson keçmiş müşavirlərindən biri Con Din tərəfindən qanun pozuntuları etməkdə ittiham olunmuşdu.

“Mən bildiyim faktlar haqda danışıram və bu komitəni həmin fkatlarla təmin edirəm”, Con Din ifadəsində söyləmişdi.

Din ifadəsində Ağ Evin bəzi insanların Demokratlar Partiyasının Uotergeytdəki qərargahına dinləmə cihazları yerləşdirmək üçün daxil olduğunu ört-basdır etməsində Niksonun da rol oynadığını iddia etmişdi. Konqres impiçment prosedurunu başladandan sonra Nikson istefa verdi. O, istefa verən yeganə ABŞ prezidentidir.

“Mən heç bir zaman təslim olan insan olmamışam. Vəzifə müddətimin bitməsindən öncə vəzifədən getmək bədənimdəki hər instinkdə ikrah doğurur. Amma prezident olaraq, mən Amerikanın maraqlarını üstün tutmalıyam”, Nikson söyləmişdi.

Təhlilçi Con Hudak deyir ki, Koenlə Dinin ifadələri arasında oxşarlıqlar var. “Nəticə etibarı ilə Maykl Koen və Con Din prezidentin qanunu pozduğuna dair ifadə verib. Bu, qeyri-adi bəyanatdır və fikrimcə hər şüurlu Konqres üzvü bunu ciddi nəzərdən keçirəcək”, o deyib.

Nikson impiç edilmədən öncə istefa verdi. Hüquqi məsələlər üzrə təhlilçi Süzan Lou Blokun dediyinə görə, Trampın impiçmentlə üzləşib-üzləşməyəcəyi hələ də sual olaraq qalır.

“İmpiçmentə səbəb olacaq standartlar arasında dövlətə xənayət, rüşvətxorluq və digər cinayət və qanunpozuntuları yer alır. Fikrimcə hər kəs razılaşar ki, bu cür istintaqın qarşısını almaq məqsədilə ədaləti əngəlləmək də bu standartlara uyğun gələr”, o söyləyib.

Niksonun hakimiyyətdən getməsi Amerikada demokratik sisteminin ən gərgin zamanlarda belə işlədiyinin sübutu olaraq qiymətləndirilir. Blok deyir ki, Trampla bağlı aparılan müxtəlif istintaqların nəticələrindən asılı olaraq, sistem yenidən sınaqla üzləşə bilər.

“Onlar sınanır və məncə Konstitusiyanı hazırlayanlar bununla fəxr edərdi. Məncə onlar deyərdi ki, ‘biz sizə hakimiyyəti bölən struktur vermişik və hələ ki, bu struktur işləyir’”, Blok bildirib.

Uotergeyt qalmaqalı ilə bağlı xatirələr artıq tarixə qarışıb. Lakin 45 il sonra başqa bir prezidentin istintaqa cəlb olunması ilə bu xatirələr yenidən canlanmağa başlayıb.

(Amerikanın səsi)