XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 10:53

Türkiyədə 1 May toqquşması

Türkiyədə 1 May günü ilə bağlı keçirilən aksiyada qarşıdurma olub.

ANS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bir qrup gənc girişin yasaq olduğu Taksim meydanına gedib.

Kommunist Partiyasının (KP) üzvü olduğu qeyd edilən bir qrup polis nəzarətində olan meydana yaxınlıqdakı bir otelin binasından qaçaraq girib.

Əllərində plakatlar olan gənclər şüarlar səsləndirməyə başlayıblar. Bir anda onların ətrafını polislər sarıb. Qrupu meydandan çıxarmaq istəyən polislərlə qrup arasında qarşıdurma olub.

Bəzi nümayişçilər saxlanılıb. Onlar meydandan uzaqlaşdırılıblar.

Xatırladaq ki, 1 May 120 ildən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq keçirilir.

Türkiyədə bir neçə ildir ki, bu tarix toqquşmalarla yadda qalır.

* * *12:43

İstanbul polisi Taksimdə keçirilən “1 May” nümayişləri zamanı üzünü maska ilə gizlədən 4 nəfəri saxlayıb.

Trend-in “Milliyet”ə istinadən verdiyi məlumata görə, bütün saxlanılan şəxslər Türkiyə vətəndaşlarıdır və ölkənin müxtəlif ali məktəblərinin tələbələridir.

Türkiyə parlamenti bu ilin fevralında təhlükəsizlik üzrə islahatlar paketi qəbul edib və yeni qanuna görə, aksiya iştirakçılarına üzlərini gizlətmək, maska taxmaq qadağan olunur.

Bundan başqa, aksiyalarda yandırıcı maddə olan “Molotov kokteyli”nin istifadəsi silah istifadəsi kimi qəbul olunur.

* * *12:22

Türkiyədə gözlənilən 1 may yürüşləri ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb. Bu gün İstanbul metrosu da işləməyəcək.

Türkiyənin Həmkarlaq İttifaqları “1 May – Zəhmətkeşlərin Həmrəyliyi Günü” münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul bələdiyyəsinə müraciət edib, lakin şəhər rəhbərliyi onlara rədd cavabı verib. Cavabda Taksim meydanının bu cür tədbirlər üçün uyğun olmadığı bildirilib.

Polis artıq mitinq ehtimalı ilə əlaqədar Taksim meydanına giriş və çıxışı bağlayıb. Buna baxmayaraq əraziyə aksiya iştirakçıları toplaşmağa başlayıb (ANS PRESS).