Yaponiya hökuməti qadınların təhsili məsələsini hərtərəfli dəstəkləmək niyyətindədir, həmçinin bu məsələni iyunda Osakada keçiriləcək G20 sammitində də qaldırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sinzo Abe martın 23-də Tokioda keçirilən Ümumdünya Qadınlar Assambleyasında açılış nitqində bildirib.
Baş nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Biz qadınlar arasında təhsilin inkişafına fəal şəkildə təsir göstərmək niyyətindəyik. Məhz bizim köməyimiz sayəsində 2020-ci ilədək 4 milyon qadın təhsil almaq imkanı qazanacaq”.
S.Abe həmçinin qeyd edib ki, bu məsələni iyunda Osakada keçiriləcək G20 sammitində də qaldırmaq niyyətindədir. “Biz digər ölkələrin liderləri ilə birlikdə dünyanın bütün qızlarının 12 illik təhsilə cəlb edilməsi istiqamətində qətiyyətlə irəliləməyə hazırıq”, – deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, Ümumdünya Qadınlar Assambleyasının sessiyası martın 24-dək Tokioda keçiriləcək. Sessiya zamanı iştirakçılar daha kəskin şəkildə özünü göstərən təhsil, gender bərabərliyi, kişilər və qadınlar üçün bərabər şəraitin yaradılması məsələlərini müzakirə edəcəklər.