XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2019 - 15:49

“Brexit” planı yeni mərhələdə:Tereza Mey istefa verə biləcəyini açıqladı

Britaniyanın Avropa Birliyindən çıxmasının tarixi və şərtləri havadan asılı qaldığı bir məqamda Baş nazir Tereza Mey təklif edib ki, istefaya gedə bilər. Bir şərtlə ki, onun AB ilə əldə etdiyi, parlament tərəfindən iki dəfə rədd olunmuş sazişi dəstəklənsin. Bu açıqlamadan öncə parlament bu siyasi prosesə nəzarəti ələ alıb.

“The Associated Press” agentliyi bundan sonra baş verə biləcəklərə nəzər salıb. Dünən – martın 27-də parlamentdəki səsvermələr nəticəsiz qalıb, səkkiz variantın heç biri çoxluğun dəstəyini qazana bilməyib. Ən populyar təklif AB ilə gömrük birliyində qalmaq və təsdiqlənən istənilən ayrılma sazişini xalq referendumuna çıxarmaq idi.

Deputatlar bazar ertəsi yenə səsvermə keçirəcək, təkliflərin sayını birə endirib hökumətə göndərəcəklər ki, AB ilə müzakirəyə çıxarılsın. Hökumət parlamentin prosesi ələ almasını “təhlükəli, misli görünməmiş presedent” adlandırsa da, səsvermənin nəticəsi ilə konstruktiv işləyəcəyini bildirib. Amma nazirlər onu da deyirlər ki, parlamentin razılaşdırdığı istənilən plan real, AB ilə danışıqlara çıxarılası olmalıdır.

Agentlik yazır ki, Mey hələ də Brüssellə əldə etdiyi razılaşmanın parlamentdən keçəcəyinə ümidini itirməyib. Həmin sənəd Britaniyanın birlikdən çıxmasının şərtlərini müəyyənləşdirir.

O, dünən bildirib ki, saziş təsdiqlənərsə və Britaniya AB-dən çıxarsa, istefa verəcək. Bu xəbərin özü Meyin Mühafizəkarla Partiyasında bəzi “Brexit” tərəfdarlarının dəstəyini təmin etməyə yetərli olub. Onlar Meyin AB ilə danışıqlar zəif tərəf olduğunu düşünürlər.

Amma hökumətin əsas Şimali İrlandiya müttəfiqi olan Demokratik Yunionist Partiyası isə razılaşmaya müxalif mövqeyindən əl çəkməyib.

AB ötən həftə “Brexit”in vaxtını uzatdı. Bu halda əgər deputatlar sazişi cümə gününədək təsdiqləyərlərsə, Britaniya qurumdan mayın 22-də çıxacaq. Əks halda London aprelin 12-dək AB-yə növbəti planlarını açıqlamalıdır: sazişsizmi çıxmaq istəyir – bu halda iqtisadi xaos yaranar; “Brexit”in yubanmasını və daha yumşaq “Brexit”mi, ya bəlkə blokda qalmaqmı istəyir.

Müxalif siyasətçilərin fikrincə, irəliyə yeganə yol erkən seçki təyin edərək parlamentin tərkibini dəyişmək və siyasi çıxılmaz durumu bu yolla həll etməkdir.

“Brexit”ə qarşı çıxanlar isə AB-də qalmaqla bağlı yeni referendum ideyasından əl çəkməyiblər. Hələlik bu ideya parlamentdə çoxluğu qazana bilməz, amma referendum tərəfdarları ictimai fikrin öz xeyirlərinə dəyişdiyini hiss edirlər. Şənbə günü yüzminlərlə adam London küçələrinə çıxaraq yeni “Brexit” səsverməsi tələb edib.

“Brexit”i sadəcə ləğv etmək variantına da dəstək az deyil. Hökuməti AB-dən çıxmaq qərarını ləğv etməyə çağıran onlayn petisiya 6 milyonadək imza toplayıb.

(Azadlıq radiosu)