Türkiyə Vaşinqtonun xəbərdarlığına baxmayaraq Rusiyayla havadan müdafiə sazişinə əməl edəcək. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Cavuşoglu martın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
“Biz yekunda Rusiyayla razılaşdıq və razılaşmanı imzaladıq. Razılaşma qüvvədədir və biz çatdırılmanın zamanını müzakirə edirik. Saziş artıq bağlanıb”, – Cavuşoglu jurnalistlərə bildirib. Cavuşoglu Ankaranın S-400 sistemlərini digər tərəfə satmağı planlaşdırmadığını vurğulayıb.
Martın 28-də ABŞ-ın 4 senatoru hər iki partiyanın dəstəklədiyi qanun layihəsini təqdim edib. Həmin sənəd Ankaranın S-400 sistemlərini qəbul etmədiyini ABŞ hökuməti təsdiqləyənədək Türkiyəyə F-35 qırıcılarının satışını qadağan edir.
Cavuşoglunun sözlərinə görə, Türkiyə Birləşmiş Ştatlardan ziddiyyətli bəyanatlar almaqdadır və Ankara F-35-lə bağlı bütün öhdəliklərinə əməl edib. O həmçinin Ankaranın ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanımasına qarşı çıxdığını deyib.
ABŞ Prezidenti Donald Tramp martın 25-də Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb. Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan bu addımı tənqid edib, deyib ki, bu, Yaxın Şərqi yeni böhran həddinə çatdırır.
Rusiya, İran, ABŞ-ın Fars Körfəzində müttəfiqləri daxil bir sıra ərəb ölkələri də Trampın qərarını tənqid edib. Lavrov Cavuşoglu ilə brifinqdə deyib ki, Vaşinqtonun Qolan təpələri ilə bağlı qərarı “fürsət vermənin məqsədli, şüurlu nümayişidir”.
(Azadlıq radiosu)