XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

30 Mart 2019 - 16:07

Tereza Mey Brexit sazişini parlamentdə yenidən səsverməyə çıxarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Tereza Mey gələn həftə parlamentdə Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması barədə saziş üzrə dördüncü səsvermə keçirməyə hazırlaşır.

AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, İcmalar Palatası Britaniya hökuməti rəhbərinin Avropa liderləri ilə razılaşdırdığı Brexit sazişini növbəti dəfə rədd edəcəyi təqdirdə Tereza Mey vəziyyətdən çıxış yolu tapmaq üçün növbədənkənar ümumi parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürə bilər.

Palata deputatları martın 29-da Brexit üzrə sövdələşməni üçüncü dəfə rədd edib. Sazişin əleyhinə 344 deputat çıxdığı halda, 286 deputat layihəni dəstəkləyib. Hökumətin sazişi parlamentdən keçirmək üzrə əvvəlki cəhdləri də uğursuzluqla nəticələnib.

Sazişin şərtlərinə əsasən, Birləşmiş Krallığa daxil olan Şimali İrlandiya Brexit prosesindən sonra 2020-ci ilin sonuna qədər Aİ-nin gömrük ittifaqında və vahid Avropa bazarında qalmalı və bununla yanaşı, Britaniya bazarına açıq çıxışı qorumalıdır. Bu, əksər britaniyalı deputatların etirazına səbəb olub.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin ötən il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.