Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə günü yerli vaxtla saat 19:00-a olan məlumata görə, seçki qanunvericiliyi pozulduğu üçün 25 cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Polisin mətbuat xidməti məlumat yayıb. Gün ərzində seçki qanunvericiliyinin tələblərinin pozulmasına görə, 1800-ə yaxın şikayət daxil olub. Ukrayna Mərkəzi Seçki Komissiyasının isə məlumatında seçkilərlə bağlı 11 şikayətin daxil olduğu qeyd edilir.
Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir. Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı 2 minə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir.