2017-ci ildə Amerika Birləşmiş Ştatlarında odlu silahlardan atəş açılması ilə bağlı hadisələrin sayı ən yüksək səviyyəyə çatandan sonra belə hadisələrin tezliyi bir qədər azalıb və 2018-ci ildə 27 hadisə qeydə alınıb.
Azərtac Federal Təhqiqatlar Bürosunun (FTB) 2000-ci ildən sonrakı dövrə aid statistik məlumatlarına istinadla xəbər verir ki, ilk 7 il ərzində FTB orta hesabla hər il 6,4 hadisəni qeydə alıb. 2008-ci ildən başlayaraq, atəş açılması ilə əlaqədar kütləvi qətllərin sayı orta hesabla hər il 20 hadisə qədər artıb. Bu göstəricinin ən pis artımı 2017-ci və 2018-ci illərdə müşahidə olunub. 2018-ci ildə 16 ştatda baş vermiş 27 hadisə zamanı 85 nəfər qətlə yetirilib, daha 128 nəfər yaralanıb.
“Silah tətbiq edilməklə zorakılığın qarşısının alınması üzrə Breydi kampaniyası” təşkilatının vitse-prezidenti Kaylin Hanter “USA Today” nəşrinə müsahibəsində deyib: “Ümidverici fakt budur ki, atışma ilə bağlı hadisələrin sayı 2017-ci ildəki rekord səviyyədən aşağı düşüb, lakin keçən il bu göstəricinin qiyməti cari yüzillikdə hələ də ikinci ən yüksək səviyyədə olub”.
FTB-nin qənaətinə görə, “odlu silahlardan atəş açanlar” dedikdə insanların toplaşdığı yerlərdə onların qətlə yetirilməsində və ya qətlə yetirmək cəhdlərində fəal iştirak edən şəxs və ya şəxslər qrupu nəzərdə tutulur. 27 hadisədən 9-u polis ilə atıcı arasında atışma ilə başa çatıb. Atıcılardan 10-u intihar edib, 11-i həbs olunub, 4-ü polis tərəfindən, 1-i mülki şəxslər tərəfindən qətlə yetirilib, bir atıcı isə hələ də azadlıqdadır. Odlu silahlardan atəş açanların yaşı 13-64 arasında olub.
2018-ci ildə belə hadisələrdən biri Parklenddəki (Florida ştatı) Marcori Stounman Duqlas adına orta məktəbdə baş verib. Nəticədə həmin məktəbin 17 şagirdi və əməkdaşı həlak olub. FTB-nin məlumatına görə, 2018-ci ildə atışma ilə bağlı ən çox hadisə (4 hal) Kaliforniyada qeydə alınıb. Floridada 3, Texas, Nyu-Meksiko, Tennessi, İllinoys, Kentukki, Pensilvaniya və Merilend ştatlarının hərəsində 2 hadisə baş verib.
2017-ci ildə ən çoxsaylı insanların ölümü ilə nəticələnmiş atışma Las-Veqasda festival zamanı baş verib. O vaxt oteldə yerləşən bir atıcı konsertə gələnlərə avtomatik silahda atəş açaraq, 58 nəfəri qətlə yetirib, yüzlərlə insanı yaralayıb.