XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2019 - 12:17

Bayden seçki kampaniyası üçün 6,3 milyon dollar toplayıb- Bir sutkada

ABŞ-ın sabiq vitse-prezidenti demokrat Cozef Bayden ali dövlət postu uğrunda rəsmən mübarizəyə qoşulduqdan sonra seçki kampaniyasının aparılması üçün 6,3 milyon dollar toplayıb.

Azərtac “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, həmin vəsait 97 min fiziki və hüquqi şəxs tərəfindən təqdim edilib. Co Bayden yığdığı ianənin həcminə görə prezidentliyə namizədliyini irəli sürən digər demokratları qabaqlayıb. Məsələn, Vermont ştatından olan senator Berni Sanders rəsmən prezidentlik yarışına qoşulduğu ilk sutka ərzində kampaniyaya 5,9 milyon dollar, Texas ştatından olan sabiq konqresmen Beto Orurku isə 6,1 milyon dollar cəlb edə bilib.

Cozef Bayden ABŞ-da prezident seçkiləri kampaniyasına rəsmən qoşulduğunu aprelin 25-də elan edib. Sosioloji sorğuların nəticələrinə əsasən, hazırda o, Demokratlar partiyasının nümayəndələri arasında ali dövlət postu uğrunda mübarizənin favoritlərdən biri hesab olunur.

İndiyədək 20-yə yaxın demokrat ABŞ-da prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Qarşıdakı prezident kampaniyasının gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevralın əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Miluoki şəhərində baş tutacaq. Respublikaçılar isə öz qurultaylarını avqustun 24-27-də Şarlott şəhərində keçirəcək.

Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb.