XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 20:35

Tereza Mey:"Avropa İttifaqını sazişlə tərk etmək ən yaxşı qərardır”

Yerli idarəetmə orqanlarına keçirilən seçkilərin hakim Mühafizəkar partiyası üçün çətin olduğunu etiraf edən Böyük Britaniyanın Baş naziri Tereza Mey hələlik Brexit strategiyasını dəyişmək niyyətində olmadığını deyib.

Azərtac İngiltərə KİV-lərinə istinadla xəbər verir ki, Tereza Mey bu barədə Uelsdə Mühafizəkar partiyanın görüşündə çıxış edərkən bildirib. Onun çıxışı istefa çağırışları ilə müşayiət olunub.

“Razılaşdırdığımız Brexit sazişi əlimizdə olan ən yaxşı variantdır. Avropa İttifaqını sazişlə tərk etmək bütün ölkə üçün ən yaxşı qərardır”, – Mey belə deyib və əlavə edib ki, digər variantların – sazişsiz çıxmağın və Brexit üzrə ikinci referendum keçirilməsinin əleyhinə olaraq qalır.

Baş nazir yerli seçkilərin uğurlu alınmadığını etiraf edib. Bülletenlərin yalnız yarısının hesablanmasına baxmayaraq, həm mühafizəkarlar, həm də leyboristlər xeyli itki verib və mənzərə aydınlaşıb. Fasiləsiz siyasi çəkişmələrdən bezən xalq öz səslərini kiçik partiyalara vermək qərarına gəlib.

“Bizim üçün çətin dövrdür və bu seçkilər bunun simptomudur. Seçkilər həm bizə, həm də leyboristlərə sadə çağırışın əks-sədasıdır: Brexit prosesini təmin edin”, – deyə Tereza Mey əlavə edib.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çixmasına səs vermişdi. Bu il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən isə britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

Son razılaşmaya görə, Böyük Britaniya oktyabrın 31-dən gec olmayaraq Avropa İttifaqını tərk etməlidir.