XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 21:46

İngiltərədə seçki:mühafizəkarlar və leyboristlər məğlubiyyətə uğrayır

Brexit üzrə danışıqlarda dalan vəziyyətindən çıxmağın mümkünsüzlüyü fonunda Böyük Britaniyanın ən böyük iki siyasi qüvvəsi – hakim Mühafizəkar və müxalif Leyborist partiyaları mayın 2-də İngiltərədə və Şimali İrlandiyada yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə itkilərə məruz qalır.

Azərtac Sky News telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat səslərin hesablanmasının aralıq nəticələrində yer alıb.

Mühafizəkarlar 2015-ci ildə keçirilən seçkilərlə müqayisədə 380 mandatdan məhrum olaraq İngiltərənin 18 yerli şurasına nəzarəti itirib. Səslərin hesablanmasından sonra Baş nazir Tereza Meyin rəhbərlik etdiyi partiya ümumilikdə təxminən 750 mandat itirə bilər.

Bu seçkilər ölkənin Avropa İttifaqının tərkibindən çıxması barədə Mühafizəkarlar partiyası ilə nəticəsiz danışıqlar aparan Leyborist partiyası üçün də uğursuz alınıb. Mühafizəkarların əlindən çıxan mandatların bölünməsindən daha çox fayda əldə etməli olan Ceremi Korbinin rəhbərlik etdiyi partiya 81 mandat itirərək üç yerli şuraya nəzarəti əldən verib. Hazırda səsvermənin aşkar qaliblərindən biri öz hesabına 300-dən çox əlavə mandat yazan Liberal demokratlar partiyasıdır.

Seçkilərin yekun nəticələri bu gün axşam saatlarında elan olunacaq.