XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

04 May 2019 - 14:13

Mühafizəkarlar regional seçkilərdə son 25 ilin ən pis nəticəsini göstərib- Böyük Britaniyada

Böyük Britaniyanın hakim Mühafizəkar partiyası mayın 2-də İngiltərədə və Şimali İrlandiyada yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə 1335 deputat mandatı itirərək ağır məğlubiyyətə uğrayıb.

Azərtac Sky News telekanalına istinadla xəbər verir ki, səslərin hesablanmasının yekunlarına əsasən, bu, son 25 il ərzində torinin ən pis nəticəsidir. Mühafizəkarlar 49 yerli şurada nəzarəti əldən verərək 248 şuranın yalnız 93-də üstünlük qazanıb. Bu, gözləniləndən də ağır məğlubiyyət hesab olur.

Tori son on illiklər ərzində yalnız 1995-ci ildə daha pis nəticə göstərmişdi. O zaman Con Meycorun rəhbərlik etdiyi partiya 2 mindən çox mandat itirmiş, bundan bir il öncə Toni Bleyerin rəhbərliyi altına keçən leyboristlər isə 1800 yeni mandat qazanmışdı.

Ekspertlərin fikrincə, seçkidəki uğursuzluq Britaniyanın iki aparıcı partiyasının Brexit məsələsində dalana dirənməsinə və ölkənin Avropa İttifaqını tərk etməsi şərtləri barədə razılığa gələ bilməməsinə xalqın etirazının göstəricisidir. Həmçinin nəticələrə partiyadaxili qalmaqallar da təsir edib – seçki məntəqələrinin açılmasından bir neçə saat əvvəl tori rəhbəri Tereza Mey Milli Təhlükəsizlik Şurasının iclasından sanksiyalaşdırılmamış informasiya yaymaqda günahlandırılan müdafiə naziri Qevin Uilyamsonu istefaya göndərib.

Şərhçilər seçkilərin nəticələrinin Tereza Meyi istefaya səsləyənlərin dəyirmanına su tökərək hökumət başçısının mövqeyinin zəifləməsinə səbəb olacağını bildirirlər.

Regional seçkilər ölkənin Avropa İttifaqının tərkibindən çıxması barədə Mühafizəkarlar partiyası ilə nəticəsiz danışıqlar aparan Leyborist partiyası üçün də uğursuz alınıb. Mühafizəkarların əlindən çıxan mandatların bölünməsindən daha çox fayda götürməli olan Ceremi Korbinin rəhbərlik etdiyi partiya 86 mandat itirərək altı yerli şuraya nəzarəti əldən buraxıb.

Mayın 3-də iTV telekanalına müsahibə verən Korbin Brexit barədə sazişi üç dəfə rədd edən parlament üzvlərini “qarşılarında duran məsələni həll etməyə və sazişə nail olmağa” çağırıb.

Birləşmiş Krallığın Azadlıq Partiyası 145 mandat itirərək İngiltərənin yerli hakimiyyət orqanlarında yalnız 31 deputatla təmsil olunub.

İngiltərədə yerli idarəetmə orqanlarına keçirilən seçkilərin əsas qalibi 704 əlavə mandat qazanan “Liberal demokratlar” sayıla bilər. Partiya rəhbəri Vins Keybl Böyük Britaniyanın Avropa İttifaqında qalmasının tərəfdarı olan liberal demokratların tarixlərində ən yaxşı nəticə göstərdiyini, britaniyalıların Brexiti dəstəkləyən mühafizəkarlara və leyboristlərə güvənmədiklərini nümayiş etdirdiyini deyib.

Seçkilər bir sıra kiçik partiyalar, o cümlədən 200-dək əlavə mandat qazanan “yaşıllar”, həmçinin regional səviyyədə öz mövqelərini xeyli gücləndirən müstəqil namizədlər üçün də uğurlu alınıb.