XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2019 - 17:32

Tramp:"ABŞ Çinlə ticarətdə milyardlarları itirmək istəmir"

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların bundan sonra Çinlə ticarətdə milyardlarla dollar itirmək niyyətinin olmadığını bəyan edib.

Azərtac bu barədə Donald Trampın “Twitter” səhifəsinə istinadla xəbər verir.

“ABŞ uzun illər ərzində ticarətdə hər il 600-800 milyard dollar itirib. Çinlə ticarətdə bu itkilərin məbləği 500 milyard dollardır. Üzrlü sayın, lakin biz bundan sonra belə etməyəcəyik”, – deyə ABŞ prezidenti bildirib.

Mayın 5-də Donald Tramp bəzi Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qədər artıracağını deyib. Ertəsi gün Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan hazırda ÇXR-in nümayəndə heyətinin qüvvədə olan rüsumları artırmaq və yenilərini əlavə etmək barədə Trampın təhdidlərinə baxmayaraq, ticarət məsləhətləşmələrinin növbəti raundunda iştirak etmək üçün ABŞ-a səfərə hazırlaşdığını qeyd edib.

ABŞ və Çin arasında ticarət üzrə danışıqların əvvəlki raundu aprelin 30-da Pekin şəhərində baş tutub, növbəti raundun isə mayın 8-də Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2018-ci il dekabrında ABŞ və Çin liderlərinin Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə iki ölkə arasında ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa boyun olmuşdu. Həmçinin tərəflər üç ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər. Ticarət sazişinin bağlanması üçün ayrılan vaxt mart ayının 1-də başa çatsa da, Donald Tramp danışıqların uğurla və Vaşinqton üçün düzgün məcrada davam edəcəyi təqdirdə rüsumları artırmayacağını bəyan etmişdi.