Avropa vətəndaşlarının demək olar ki, yarısı Birləşmiş Ştatların təhlükəsizlik məsələsində Avropa İttifaqının etibarlı tərəfdaşı olduğuna inanmır.
Bu barədə məlumat “YouGov” sosiologiya xidmətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Sorğuya əsasən, avropalıları daha çox narahat edən problemlərin arasında miqrasiya (35 faiz), ətraf mühit (29 faiz) və təhlükəsizlik (23) məsələləri yer alıb. Həmçinin respondentlərin 46 faizi bundan sonra ölkələrinin münaqişə zonalarından qaçqın qəbul etməsini istəmir.
Bundan başqa rəyi soruşulanların 45 faizi ABŞ-ın Avropa İttifaqında təhlükəsizlik üçün etibarlı tərəfdaş olmadığını bildirib. Avropalıların 40 faizi Rusiyanı, 31 faizi isə Çini xarici təhlükə qismində görür. Eyni zamanda, respondentlərin 47 faizi gələcək çağırışlara cavab vermək üçün Avropa İttifaqının öz ordusuna ehtiyacı olduğu fikri ilə razıdır.
Aprelin 16-29-da Belçika, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Polşa, Fransa və İsveçdə keçirilən sorğuda 8 mindən çox insan iştirak edib(azərtac).