XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

18 May 2019 - 03:16

Daha bir İran generalı ABŞ-ı hədələdi:"Müharibə baş versə, dünya əziyyət çəkəcək"

Yarırəsmi “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, İranın elitar İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü cümə günü bildirib ki, İranın qısamənzilli raketləri “asanlıqla” İran körfəzindəki döyüş gəmilərini vura bilər.

İnqilab Keşikçilərinin sədr müavini Məhəmməd Saleh Cokarın bu sözləri Birləşmiş Ştatlarla gərginliyin artdığı vaxta təsadüf edib.

ABŞ əlavə gəmi yollayaraq regiondakı hərbi mövcudluğunu artırıb və İslam Respublikasından mümkün təhlükələrin qarşısını almaq üçün İrana qarşı sanksiyaları gücləndirib. İran körfəzi dünyanın ən strateji su yollarından biridir. Dünyanın neft təchizatının üçdə biri oradan nəql olunur.

Cokar xəbərdarlıq edib ki, ABŞ “yeni müharibənin öhdəsindən gələ bilməz” və münaqişə qlobal neft təchizatına mənfi təsir göstərər. “Əgər müharibə baş versə, dünya əziyyət çəkəcək”, – o əlavə edib.

Cokarın sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın dünya qüdrətləri ilə əldə etdiyi razılığı qorumaq üçün diplomatik səylər apardığı vaxta təsadüf edib. Zərif cümə günü Çinə səfəri zamanı dünya liderlərini tənqid edərək, razılığı qoruyub saxlamaq üçün “dəstək bəyanatlarının” kifayət olmadığını söyləyib.

“Əgər beynəlxalq ictimaiyyət bu razılığın dəyərli bir uğru olduğunu düşünürsə, İran kimi praktiki addımlar atmalıdır,” – Zərif İranın rəsmi xəbər agentliyi IRNA-ya bildirib. “Praktiki addımların hansı məna kəsb etdiyi tam açıqdır: İranın iqtisadi münasibətləri normallaşdırılmalıdır.”

ABŞ 2015-ci ildə əldə olunan nüvə razılığından ötən il geri çəkilərək, İran iqtisadiyyatının zəifləməsinə gətirib çıxaran sərt sanksiyalar tətbiq edib. Buna İranın neft ixraclarını azaltmaq məqsədi daşıyan addım daxildir. Razılığı imzalayan digər beş üzv – Avropa İttifaqı, Britaniya, Çin, Fransa və Rusiya o zamandan bəri sazişi qoruyub saxlamağa çalışır.

İran ötən həftə xəbərdarlıq edib ki, əgər iyulun 7-dək yeni nüvə razılığı əldə olunmasa, onlar uranı daha yüksək səviyyədə zənginləşdirməyə başlayacaq.

ABŞ prezidenti Donald Tramp ictimai şəkildə diplomatik həll yolu tapmaq istədiyini deyib, lakin İran rəsmiləri ona inanmır.

İranın yarırəsmi “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, iranlı general Rəsul Sənaeirad deyib ki, danışıqlar aparan zaman sanksiya tətbiq etmək “birinə silah çəkib, ondan dostluq tələb etməyə bənzəyir”.

Amerikaninsesi.org