Mayın 25-də ABŞ Prezidenti Donald Tramp Yaponiyaya dördgünlük dövlət səfərinə gedib.
ABŞ Prezidentinin Haneda aeroportunda qarşılanma mərasimi NHK telekanalı ilə birbaşa yayımla nümayiş olunub.
D.Trampla birlikdə onun həyat yoldaşı Melaniya da Tokioya gəlib.
ABŞ Prezidenti səfər çərçivəsində İmperator Naruhito və Baş Nazir Şinzo Abe ilə görüşəcək, sumo üzrə yarışları izləyəcək, ABŞ hərbi bazasına baş çəkəcək, həmçinin “Robatayaki” ənənəvi yapon restoranında müştərilərin gözü önündə köz üstündə bişirilən delikateslərin dadına baxacaq.
D.Tramp İmperator Naruhito taxta çıxdıqdan sonra onunla görüşən ilk əcnəbi lider olacaq.
Xatırladaq ki, mayın 1-də İmperator Naruhito taxta çıxdıqdan sonra Yaponiyada yeni Reiva dövrü başlanıb(azərtac).