XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 19:44

Vaşinqton KXDR-in ABŞ üzrə nümayəndəsinin edamı barədə məlumatı yoxlayır- Pompeodan açıqlama

Vaşinqton KXDR Dövlət Şurasının ABŞ üzrə xüsusi nümayəndəsi Kim Xyok Çxolun və Hanoyda keçirilən sammitdə iştirak edən Xarici İşlər Nazirliyinin daha dörd vəzifəli şəxsinin edamı barədə məlumatı yoxlayır.

Azərtac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Berlində səfərdə olan ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib. “Biz bu informasiyanı yoxlamaq üçün mümkün olan hər şeyi edirik”, – deyə o bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti diplomatların KXDR lideri Kim Çen In və Amerika Prezidenti Donald Tramp arasında ikinci sammitin iflasa uğraması səbəbindən güllələndiyini yazıb. Onların hamısı casusluqda ittiham olunub. Həmçinin daha bir yüksək vəzifəli məmur – Kim Çen Inın kiçik bacısı, KXDR Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin birinci müavini Kim Yo Çjon ev dustağı edilib.

Koreya Respublikasının Birləşmə Nazirliyi hələlik məlumatı təsdiqləməyib. “Hazırda bu barədə informasiyaya malik deyilik, Şimali Koreyanın rəsmi mətbuat orqanlarında Kim Hök Çxolun güllələnməsi barədə məlumat verilməyib”, – deyə nazirlikdən bildiriblər.

ABŞ və KXDR liderləri arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin yekunlarına əsasən birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməyib. Pxenyan və Vaşinqton birgə sənəd imzalamaqdan imtina etsələr də, dialoqu davam etdirmək barədə razılığa gəliblər.