Avropa İttifaqı Koreya yarımadası tam nüvəsizləşdirilənə qədər KXDR-ə qarşı sanksiya rejimini davam etdirəcək.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Asiya-Sakit okean regionunda təhlükəsizlik mövzusunda Sinqapurda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
“Hesab edirik ki, Koreya problemi yalnız sülh yolu ilə həll edilə bilər”, – deyə Moqerini əlavə edib.
Hazırda KXDR-ə qarşı ən sərt sanksiyalar tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının 2397 saylı qətnaməsi bu ölkəyə neft və neft məhsullarının çatdırılmasına məhdudiyyətləri nəzərdə tutur, həmçinin digər dövlətlərdən 2019-cu ilin sonunadək bütün şimali koreyalı işçiləri öz ərazilərindən çıxarmağı tələb edir. Buna Pxenyanın ballistik raket və nüvə silahı hazırlığını davam etdirməsi səbəb olub.