Pakistanın Baş naziri İmran Xan hindistanlı həmkarı Narendra Modiyə məktub ünvanlayıb. Məktubda İslamabadın bütün ikitərəfli mürəkkəb məsələlər, o cümlədən Kəşmir problemi barədə Nyu-Dehli ilə danışıqlara hazır olduğu bildirilir.
Azərtac PTI informasiya agentliyinə istinadla xəbər verir ki, İmran Xan məktubunda Narendra Modini yenidən baş nazir postuna seçilməsi münasibəti ilə təbrik edib və onu bütün regionun inkişafı üçün əməkdaşlığa çağırıb. Məktub Nyu-Dehlinin Hindistanın Baş naziri Modinin Şanxay Əməkdaşlıq Təşkilatının iyunun 13-14-də Bişkek şəhərində keçiriləcək sammiti çərçivəsində pakistanlı həmkarı ilə görüşünün planlaşdırılmadığı barədə bəyanatından sonra yazılıb.
Xatırladaq ki, Nyu-Dehli və İslamabad arasında münasibətlər fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinin avtomobil karvanına hücumdan sonra gərginləşib. Həmin vaxt terrorçu- kamikadzenin törətdiyi partlayış nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürmüşdü.
İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistan Hərbi Hava Qüvvələri fevralın 26-na keçən gecə Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistan Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu.