XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 İyun 2019 - 17:11

Assanjın ekstradisiyası məsələsinə gələn ilin fevralında baxılacaq- Məhkəmə ABŞ-ın sorğusu əsasında qərar verdi

ABŞ-ın sorğusu əsasında “WikiLeaks” saytının qurucusu Culian Assanjın ekstradisiyası barədə beş günlük məhkəmə dinləmələri 2020-ci il fevralın 24-nə təyin edilib.

Britaniya KİV-ləri xəbər verir ki, bu qərar Culian Assanjın ekstradisiyası ilə bağlı məsələnin müzakirə olunduğu Londonun Vestminster magistr məhkəməsinin iclasında çıxarılıb. Assanjın vəkilləri Britaniya prokurorluğunun məhkəməyə təklif etdiyi vaxtla razılaşıb. Müttəhimin özü isə Belmarş həbsxanasının xəstəxana bölməsində olduğu üçün məhkəmə iclasına gətirilməyib.

ABŞ prokurorluğunun nümayəndələri Assanja qarşı irəli sürülən və ekstradisiya barədə sorğunun yekun versiyasında ifadə olunan ittihamları elan edəcək. Bundan əvvəl Böyük Britaniyaya bütün ittihamların yer almadığı ilkin sorğu təqdim edilmişdi. Vaşinqton sənədin yekun variantını ötən həftə Londona göndərib və sorğu Böyük Britaniyanın daxili işlər naziri Cacid Cavid tərəfindən imzalanıb.

Xatırladaq ki, Culian Assanj 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınmış və yeddi il orada gizlənmişdi. 2019-cu il aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib.

Mayın 1-də London məhkəməsi girov müqabilində azadlığa buraxılma şərtlərini pozduğuna görə Culian Assanja 50 həftə həbs cəzası verib. “WikiLeaks” saytının qurucusu ABŞ-da haker fəaliyyətinə görə 175 il həbsə məhkum edilə bilər(azərtac).