ABŞ “Taliban” hərəkatı ilə yaxın vaxtlarda keçiriləcək yeni, sayca yeddinci sülh danışıqlarına hazırlaşır.
Bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad sosial media hesabındakı açıqlamasında bildirib. O, danışıqların geniş sülh sazişinin mətni üzərində davam etdiyini qeyd edib. Mətndə terrorla mübarizəyə zəmanət verilməsinin, “Taliban”ın Əfqanıstan hakimiyyəti ilə danışığa getməsinin, atəşkəsə nail olunmasının və xarici qüvvələrin ölkədən çəkilməsinin yer aldığını qeyd edən Xəlilzad vurğulayıb ki, bu dörd məsələ üzərində razılaşma təmin edilməyincə, ölkədə sülh yaranmayacaq.
“Biz Əfqanıstana sülhün gəlməsini istəyirik. ABŞ-ın Əfqanıstandan çəkilməsinin marağında deyilik”, – xüsusi nümayəndə belə deyib.
Bəzi bölgələri “Taliban”ın nəzarətində olan ölkə illərdir ki, ciddi təhlükəsizlik problemi ilə üz-üzə qalıb. Hökumətin ötən illərdə “Taliban” hərəkatı ilə danışıqlara başlamaq üçün göstərdiyi aramsız səylərə və bu çərçivədə Sülh Şurası qurulmasına baxmayaraq, indiyədək heç bir nəticə əldə olunmayıb(azərtac).