XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 20:14

Si Szinpin:"Çin KXDR-in yarımadada siyasi həll prosesinə yönələn fəaliyyətini yüksək qiymətləndirir"

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinin Pxenyanda Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In ilə görüşündə iki ölkə və hakim partiyalar arasında münasibətlərin parlaq gələcəyinin qurulması üçün birgə səylər göstərmək barədə razılıq əldə olunub.

Azərtac “Sinhua” agentliyinə istinadla xəbər verir ki, Çin lideri görüşdə ölkəsinin Koreya yarımadasında siyasi həll prosesinə yönələn səyləri dəstəklədiyini, KXDR-in bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Si Szinpin ölkəsinin Koreya yarımadasında nüvə silahsızlaşdırılmasına və regionda davamlı sülhün təminatına nail olunması prosesində müsbət rol oynamağa hazır olduğunu bəyan edib, bu işdə bütün maraqlı tərəflərlə əməkdaşlığa və əlaqələndirməyə öz imkanları daxilində kömək etmək istədiyini diqqətə çatdırıb.

KXDR lideri Kim Çen In ölkəsinin ötən bir ildə Koreya yarımadasında gərginliyin azaldılması üçün xeyli fəallıq nümayiş etdirdiyini, amma əlaqədar tərəflərdən müsbət cavab almadığını bildirib. Ölkəsinin bu məsələdə səbrli qalmaq istəyini dilə gətirən Kim Çen In, əlaqədar dövlətlərin legitim maraqları təmin olunmaqla həll yollarının tapılmasından ötrü nəticəsi olan dialoqun davamı üçün tərəflərin KXDR ilə işləyəcəklərinə ümid etdiyini deyib.

Kim Çen In Koreya yarımadası məsələsinin həllində Çinin oynadığı vacib rolu yüksək qiymətləndirib.

Qeyd edək ki, ÇXR Sədri, iyunun 20-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Szinpinin KXDR-ə iki günlük rəsmi səfəri başlayıb. Bu, Si Szinpinin Çinin dövlət başçısı kimi Şimali Koreyaya ilk səfəri olmaqla yanaşı, 2005-ci ildən sonra Çin liderinin KXDR-ə ilk gəlişidir.