XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 İyun 2019 - 21:41

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib- Silahlı münaqişələr şəraitində əlillərin müdafiəsinə dair

BMT Təhlükəsizlik Şurasının üzvləri silahlı münaqişələr şəraitində əlillərin müdafiəsinə dair qətnamə qəbul ediblər. Hərbi əməliyyatlar zamanı fiziki imkanları məhdud olan insanların təhlükəsizliyinin təmin edilməsinin və hüquqlarının müdafiəsinin vacibliyi dünya birliyi tərəfindən artıq çoxdan müzakirə olunur. Axı belə insanlar müharibə qarşısında xüsusilə acizdirlər.

Sağlam insanlardan fərqli olaraq, əlillərin bəzən evdən çıxmaq, humanitar yardımın paylandığı məntəqələrə getmək, atəş və aviazərbələr vaxtı gizlənmək, vaxtında təxliyə olunmaq imkanları olmadığı üçün humanitar yardımdan, habelə dinclik dövründə aldıqları sosial yardımdan məhrum olurlar.

Sənəddə Təhlükəsizlik Şurasının üzvləri silahlı münaqişənin bütün tərəflərini yardıma ehtiyacı olan bütün insanlara vaxtında təhlükəsiz və maneəsiz humanitar yardım göstərməyə çağırırlar. Onlar, həmçinin ölkələrə tövsiyə edirlər ki, əlillərin səhiyyə, təhsil və nəqliyyat kimi sahələrin xidmətlərindən başqa insanlarla bərabər səviyyədə istifadə etmələri üçün zəruri tədbirlər görsünlər.

Serebral iflicdən əziyyət çəkən vətəndaş fəalı Nucin Mustafa bu ilin aprelində BMT TŞ-də çıxış edib. O, Şura üzvlərinə Suriyanın üzləşdiyi müharibədə əlillərin problemlərindən danışıb.

Nucin deyib: “Biz lifti olmayan çoxmərtəbəli binada yaşayırdıq. Fövqəladə hallarda doğmalarım məni beşinci mərtəbədən düşürməli idi. Mən ailə üzvlərimin mənim üzümdən həlak olmasında qorxurdum. Qardaşım bizi canlı ölülər adlandırırdı”.

Nucinin hətta əlil arabası olmayıb. Ölkəni tərk etməyi qərara almış qohumları onu sözün həqiqi mənasında əllərində daşıyıb. Nucin hesab edir ki, bir çox məhdud fiziki imkanlı insandan fərqli olaraq onun bəxti gətirib.

O deyib: “Qadın əlillərin vəziyyəti xüsusilə ağırdır. Məsələn, kişi öz dostundan yardım istəyə bilər, lakin Suriya cəmiyyətində qadın bunu edə bilmir. Yəni, onun yaxın qohumları arasında kişi yoxdursa, başqa kişidən yardım istəyə bilməz”.

Qətnamədə deyilir: “Təhlükəsizlik Şurası təkidlə üzv dövlətləri əlillərə münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması və silahlı münaqişə vəziyyətlərində onların marginallaşdırılmasının qarşısının alınması üçün zəruri tədbirlər görməyə çağırır”.

Şura üzvləri ölkələri Əlillərin Hüquqları haqqında Konvensiya çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə də çağırıblar(azərtac).