Köln polisinin rəisi Volfqanq Albers vəzifəsindən kənarlaşdırılıb.
KİV-lərdə yayılmış bu məlumatı Şimali Reyn–Vestfaliya əyalətinin Daxili İşlər naziri Ralf Yeqer Düsseldorfda keçirilən məxsusi mətbuat konfransında təsdiqləyib.
Dpa agentliyi nazirin bu sözlərini sitat gətirir: “İndiki vaxtda, xüsusən qarşıdakı kütləvi tədbirlərlə əlaqədar, ictimaiyyətin etimadını və Köln polisinin fəaliyyət qabiliyyətini bərpa etmək üçün belə bir qərarın qəbul olunması zəruri idi”.
Albersin vəzifədən kənarlaşdırılması barədə ona şəxsən özünün məlumat verdiyini bildirən Yeqerin sözlərinə görə, Albers bu qərarı haqlı hesab edib.
Köln polisinin rəhbərinin istefası Yeni il gecəsində qadınlara kütləvi hücumlarla bağlı qalmaqal fonunda baş verib. Albers özünün vəzifədən getməsinin mümkünlüyünü hələ iki gün bundan əvvəl qətiyyətlə istisna edirdi.
WDR radiostansiyasının jurnalisti Köln polis rəisinin öz vəzifəsində qalmağa hazırlaşıb-hazırlaşmadığını soruşanda Albers belə cavab vermişdi: “Əlbəttə! Məhz indiki vaxtda burada mənə ehtiyac var”(Azərtac).