XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2019 - 17:22

İranın zənginləşdirilmiş uran ehtiyatları artıb- BAEA yoxlama aparıb

İranın zənginləşdirilmiş uran ehtiyatları Tehranın dünyanın aparıcı ölkələri ilə imzaladığı sazişdə nəzərdə tutulan 300 kiloqramlıq həddi aşıb. 

Bu məlumatı Fars informasiya agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyindəki mənbəyə (BAEA) istinadla yayıb.

BAEA-dakı mənbənin sözlərinə görə, ötən çərşənbə günü agentliyin apardığı yoxlamalar zamanı zənginləşdirilmiş uranın miqdarının normadan artıq olduğu müəyyən edilib. Bundan əvvəl də Tasnim informasiya agentliyi xəbər yaymışdı ki, İran Avropa ölkələrinin INSTEX banklararası mexanizmini istifadəyə verməsinə rəğmən Birgə Fəaliyyət Planında nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsini azaltmaqda davam edəcək. Ehtimal edilir ki, iyulun 7-dən başlayacaq ikinci mərhələ çərçivəsində Tehran uranın 3,67 faizdən artıq zənginləşdirilməməsi şərtindən imtina edəcək və Arakda nüvə reaktorunun modernləşdirilməsi üzrə ilkin planına qayıdacaq. Bu isə, Qərb mənbələrinin məlumatına görə, plutonium silahının istehsal olunmasına potensial şərait yaradır.

Ekspertlər bildirirlər ki, 2019-cu il mayın 8-də İran Prezidenti Həsən Ruhaninin Tehranın nüvə sazişində nəzərdə tutulan öhdəliklərin bir hissəsini dayandırması və sənədi imzalayan digər ölkələrə onun icrasına qayıtmaq üçün iki ay vaxt verməsinin müddəti iyulun 7-də başa çatır. İran tərəfi sazişin tərəfdaşlarının, ilk növbədə avropalıların sənədin iqtisadi müddəalarına tam əməl etmədiklərini və bu səbəbdən onun əhəmiyyətini itirdiyini iddia edir.

Nüvə proqramı üzrə Birgə Fəaliyyət Planı 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa) və Almaniya arasında imzalanıb. Sənəd Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində BMT, ABŞ və Avropa İttifaqının sanksiyalarının ləğvini nəzərdə tuturdu. Lakin ABŞ Prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun bu sazişdən çıxdığını bəyan edib(azərtac).